Tahir Kərimli: “Azərbaycan pandemiya ilə mübarizəyə öz töhfəsini verib"

Tahir Kərimli: “Azərbaycan pandemiya ilə mübarizəyə öz töhfəsini verib" “Təsadüfi deyil ki, COVID 19 pandemiyasını gec partlayan növbəti dünya müharibəsi kimi səciyyələndirirlər. Həqiqətən də artıq yoluxanların sayı 10 milyonu keçib, 100 minlərlə ölən var. Ümumilikdə isə büt&uum
Xarici siyasət
4 İyul , 2020 19:15
Tahir Kərimli: “Azərbaycan pandemiya ilə mübarizəyə öz töhfəsini verib

“Təsadüfi deyil ki, COVID-19 pandemiyasını gec partlayan növbəti dünya müharibəsi kimi səciyyələndirirlər. Həqiqətən də artıq dünyada bu virusa yoluxanların sayı 10 milyonu keçib, 100 minlərlə ölən var. Ümumilikdə isə bütün dövlətlər hazırda pandemiya ilə mübarizəyə səfərbər olub. Hesab edirəm ki, bu məqamda pandemiyanı dünya müharibəsi ilə müqayisə etmək yerinə düşər".

"Report" xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ölkə başçısının mayın 4-də keçirilən Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında videokonfransında irəli sürdüyü təklifi şərh edərkən deyib.

T.Kərimli hesab edir ki, ölkə başçısının belə bir təşəbbüslə çıxış etməsi beynəlxalq aləmdə Azərbaycan və onun Prezidentinin nüfuzunu daha da artırıb:

“Bildiyiniz kimi bir sıra böyük dövlətlər ilk olaraq buna bir qədər biganə yanaşdı. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan, həm əhalisinin sayına görə böyük, həm də kifayət qədər nüfuza malik olan dövlətlər özləri təşəbbüsü ələ almaq əvəzinə, heç bir təşəbbüsdə bulunmayaraq ara-sıra eqoist fikirlərlə çıxış etdilər. Əslində isə COVID-19-a qarşı vahid cəbhənin yaradılması lazım idi. Belə bir məqamda təsadüfi deyil ki, əhalisinin sayı cəmi 10 milyon olan Azərbaycan və onun Prezidenti təşəbbüsü ələ aldı və BMT-nin Baş Asambleyası çərçivəsində xüsusi olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı təşəbbüsdə bulundu.

Bu çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bildiyiniz kimi, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının sədridir. Cənab İlham Əliyev 120 dövlətin adından razılaşdırılmış bu təşəbbüsü irəli sürdü. Təşəbbüsə reaksiyaların necə olacağı maraqlı idi. Dediyim kimi, bir çox dövlətlər buna biganə yanaşırdı və gözlənilən nəticə həqiqətən də Azərbaycan üçün qürurvericidir. Çünki BMT Təhlükəsizlik Şurasının bununla bağlı xüsusi iclasları keçirilmirdi, yalnız BMT-nin Baş Məclisi səviyyəsində layihələr irəli sürüldü, amma icra edilmədi.

Bildiyiniz kimi, mayın 4-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında videokonfransı təşkil olundu və həmin zirvə görüşündə xüsusi təklif irəli sürüldü.

Bu tədbirdə BMT-nin Baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının direktoru, Afrika İttifaqı və Avropa İttifaqi kimi beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də iştirak etdilər.

Ümumilikdə 120 dövləti birləşdirən təşkilat bu təşəbbüsdə bulundu və Azərbaycan Respublikasının təşəbbüsü xüsusi qiymətləndirildi. Həqiqətən də Azərbaycan pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verib.

Xatırlatmaq istəyirəm ki, bu mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə ayrılıb. Həmçinin 30-dan artıq dövlət birbaşa kömək göstərib. Pandemiya günlərində cənab İlham Əliyevin atdığı bu addımlar onun dünyada nüfuzunun daha da artmasına səbəb oldu.

Bildiyiniz kimi, BMT-nin nizamnaməsinə əsasən xüsusi sessiyalar nadir hallarda keçirilir və bunun üçün 97 dövlətin razılığı lazımdır. Ona görə cənab Prezident də təklifi irəli sürən zaman 120 ölkə ilə razılaşdırıldı və birbaşa BMT-nin Baş katibi Antoniu Quterreşə ünvanlandı.

BMT-nin prosedur qaydaları adlı sənədinin 9a bəndinə əsasən üzv dövlətlər irəli sürülən təşəbbüsə bir ay müddətində, yəni iyul ayının 27-nə qədər buna münasibət bildirməli idi və təşəbbüsün qəbulu üçün 97 dövlətin razılığı tələb olunurdu. Amma bu ay başa çatmamış 130 ölkə Azərbaycan Prezidentinin təşəbüsünə dəstək verdi. Bu, Azərbaycana və onun Prezidentinə olan hörmət və ehtiramın göstəricisidir".

Deputat vurğulayıb ki, yalnız Ermənistan həmin təşəbbüsün əleyhinə çıxıb: "Bununla da Ermənistan özünü beynəlxalq aləmdə bir daha rüsvay etdi. Əslində yoluxma tendensiyasına və yoluxanların sayına nəzər salsaq, görərik ki, Ermənistanın özünü belə bir təşəbbüsə ehtiyacı var. Amma rəsmi onların belə bir addım atması əsl mahiyyətlərini üzə çıxardı.

Fikir versəniz görərsiniz ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT-nin daimi üzvlərindən tutmuş kiçik ada dövlətlərinə qədər müxtəlif ölkələr var. Həmçinin ölkə başçısının bu təşəbbüsünü dəstəkləyən dövlətlər yazılı şəkildə bildirirlər ki, bu, vaxtında verilən və çox ehtiyac duyulan bir təşəbbüsdür. Bu da Azərbaycan tərəfinin təşəbbüsü vaxtında etdiyini göstərən ciddi faktdır.

Bu da bir faktdır ki, pandemiyaya qarşı bütün dövlətlər birləşməli və birgə mübarizə aparılmalıdır. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü bir daha göstərdi ki, ölkəmiz çoxtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir və bu pandemiya qarşı mübarizə aparmaqda israrlıdır.

Ölkə başçısının bu təşəbbüsü alqışlanan bir hadisədir və hər bir azərbaycanlı öz dövləti və Prezidenti ilə fəxr etməlidir. Buradan həm də Azərbaycanda nöqsan axtaran bəzi müxalif qüvvələrə və xarici dövlətlərə mesaj vermək istəyirəm - onlar bir daha görsün ki, əslində Azərbaycanın nüfuzu çox yüksək səviyyədədir. Biz bir daha bu təşəbbüs alqışlayırıq və ölkə başçısına minnətdarıq. BMT-nin xüsusi sessiyasının keçiriləcəyini səbrsizliklə gözləyirik”.

Son xəbərlər

Orphus sistemi