Səfir: "İndoneziya Azərbaycanın suverenliyini dəstəkləyir" - MÜSAHİBƏ

Səfir: "İndoneziya Azərbaycanın suverenliyini dəstəkləyir" - MÜSAHİBƏ "Biz "bir millət üç dövlət" prinsipini yaratmaq istəyirik"
Xarici siyasət
22 İyul , 2016 09:25
Səfir: İndoneziya Azərbaycanın suverenliyini dəstəkləyir - MÜSAHİBƏ

Bakı. 22 iyul. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı yeni səfiri Husnan Fananinin "Report" Agentliyinə müsahibəsi:

- Cənab səfir, ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- İndoneziya və Azərbaycan 1992-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr yaradıb. Ancaq Azərbaycanla əsl əlaqələr 2005-ci ildə Azərbaycan İndoneziyada səfirlik açan zaman yaradılıb. Biz isə səfirliyi 2010-cu ildə açdıq. O vaxtdan bəri ikitərəfli əməkdaşlığın bütün sahələrində, xüsusilə də iqtisadiyyatda yaxşı münasibətlərimiz var. Öz ehtiyaclarımızı ödəyə bilmədiyimizdən sizdən neft alırıq. 2,5 milyard dollarlıq dövriyyə ilə Azərbaycan neftinin idxalı baxımından yalnız Almaniya və İtaliyadan geri qaldıq. Biz özümüz də neft hasil edirik: sutkada təxminən 800 min barel. Amma bizə 1,8 milyon barel lazımdır. Üstəlik, Azərbaycan nefti çox keyfiyyətlidir və Yaxın Şərq və Afrikanın neftindən daha yaxşıdır.

Siyasi baxımdan sizi BMT, İƏT və digər beynəlxalq təşkilatlarda dəstəkləyirik. İndoneziya 280 milyon əhali ilə ən böyük müsəlman ölkəsidir. Buna görə də İndoneziya ilə münasibətlərin yaxşı olması Azərbaycana faydalıdır. Biz tərkibinə 12 dövlət daxil olan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) lideriyik. Azad ticarət zonamız, sərbəst bazarımız var. 700-800 milyon əhalisi olan bu 12 ölkə böyük bazar yaradır. Bu gün ASEAN Afrika, hətta Avropa bazarı ilə müqayisədə daha yaxşı artım göstərən bazardır. Buna görə də Azərbaycan və qardaş Türkiyəni ASEAN ilə yaxınlaşdırmaq istəyirik. Məhsullarımızı satmaq, Azərbaycan və Türkiyə ilə ticarətimizi gücləndirmək istəyirik.

- Azərbaycan və İndoneziya arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? İşgüzar əməkdaşlıq perspektivləri var?

- İndoneziyada metro vaqonları istehsal edirik və onlar Tayvan, Latın Amerikası, Nigeriyaya ixrac edilir. Eyni zamanda,ehtiyat hissələri istehsal edirik. "Toyota"nın bütün ehtiyat hissələri ölkəmizdə istehsal olunur. Onları görəndə bilin ki, Yaponiyada istehsal olunmayıblar. Bundan əlavə, biz yük təyyarələri də istehsal edirik. Bir sözlə, bu sahələrdə əməkdaşlıq edə bilərik.

Ticarət dövriyyəsinə gəlincə, bu göstərici çox aşağıdır: cəmi 30 milyon dollar təşkil edir. İndoneziya bu göstəricini artırmaq istəyir. Bilirsiniz, Azərbaycanın Türkiyə ilə yaxın və ənənəvi ticarət əlaqələri var. Türkiyə ilə əlaqələriniz "bir millət, iki dövlət" prinsipi əsasında formalaşıb. Biz isə iqtisadi, ticari və mədəni əlaqələri yaxşılaşdırmaq üçün "bir millət üç dövlət" - Azərbaycan, Türkiyə, İndoneziya - prinsipini yaratmaq istəyirik. Tələbələrimizin Azərbaycanda və azərbaycanlı tələbələrin isə İndoneziyada təhsil almalarını istəyirik.

- İki ölkə arasında müntəzəm və ya çarter reyslərinin açılması barədə danışıqlar aparılır?

- Bu, çox mühüm məqamdır. Coğrafi baxımdan bir-birimizdən çox uzaqda yerləşirik. İndiyə qədər ölkələr arasında birbaşa reyslər olmayıb. Yalnız Doha və İstanbuldan tranzit kimi istifadə etmək olur. Uçuş da 14 saat çəkir. Gərək iki aviaşirkət - "GarudaIndonesia" və "AzerbaijanAirlines" arasında kod mübadiləsi üzrə əməkdaşlıq yaratmaq lazımdır. Cakarta və Bakı arasında birbaşa uçuşlar olarsa, biznes aparmaq, mədəniyyət və ticarəti inkişaf etdirmək və s. daha asan olacaq. Buna görə də birbaşa uçuşlar çox vacibdir.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyi necədir?

- İndoneziya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və Azərbaycanın suverenliyini dəstəkləyir. Qarabağ sizin torpaqdır. Biz eyni zamanda sülh danışıqları üzrə dialoqu dəstəkləyirik. Məsələnin hərbi həllini dəstəkləmirik. Çünki belədə hər iki tərəfdən insan itkiləri olur. Biz bunu istəmirik.

- Yaxın zamanlarda rəsmi səfərlər gözləmək olarmı?

- İndoneziyadan çox səfər olub. Bir çox parlamentari, spikerimiz Bakıya gəlib. Prezidentiniz İlham Əliyevi Cakartaya səfərə dəvət etmişik və ümid edirik ki, o, bu il də olmasa, gələn il İndoneziyaya səfər edəcək. Həmçinin İndoneziya prezidenti Coko Vidodonun Bakıya səfər edəcəyinə ümidvarıq.

- Bu il Bakıda "Formula 1" yarışı keçirildi və orada indoneziyalı pilot yarışdı. 2017-ci ildə isə Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu yarışlar barədə nə düşünürsünüz?

- "Formula 1" Qran-prisini bu cür təşkil etdiyinizə görə, sizinlə fəxr edirik. Bu onu göstərir ki, belə mötəbər tədbir təşkil edə bilərsiniz. Bakıdakı yarışlarda İndoneziyanın "Formula 1"də bir, GP2 yarışlarında isə iki pilotu iştirak edib. Azərbaycan sakinləri bir müsəlman ölkəsi kimi bizi dəstəkləyirdi.

İslam Oyunlarına gəlincə, Bakıya qədər bu Oyunlar İndoneziyanın Palembanq şəhərində keçirilib. Bizim xüsusi milli idman növümüz var - pençak silat. Bu oyun Azərbaycanda da populyardır. Ölkənizdə bu idman növü üzrə 38 idman mərkəzi fəaliyyət göstərir. Sizin idman nazirinizdən xahiş etmişik ki, pençak silatı İslam Oyunlarının proqramına salsın. Azərbaycanın pençak silat üzrə 3 dünya çempionu var. Pençak silat yalnız bir idman növü deyil, o, İndoneziya mədəniyyətinin bir hissəsidir. Oyunların uğurlu olacağına inanırıq.

Son xəbərlər

Orphus sistemi