Səfir: “Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar davam etdirilir”

Səfir: “Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar davam etdirilir” “Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi layihələr qadınların fəaliyyətinin bir sıra sahələrini, o cümlədən kiçik biznes, məktəbəqədər və məktəb təhsili və səhiyyə sahələrini əhatə edir”.
Xarici siyasət
6 Mart , 2020 11:53
Səfir: “Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar davam etdirilir”
Kestutis Yankauskas / Report / Firudin Səlimov

“Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi layihələr qadınların fəaliyyətinin bir sıra sahələrini, o cümlədən kiçik biznes, məktəbəqədər və məktəb təhsili və səhiyyə sahələrini əhatə edir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Aİ-nin Azərbaycanda gender bərabərliyinin inkişafına verdiyi dəstəyə həsr olunan tədbirdə deyib.

“Avropa İttifaqı gender bərabərliyi məsələsinə çox önəm verir. Biz uzun müddətdir bu istiqamətdə işləyirik və artıq müvafiq milli planımız var. Özümüzə və başqalarına bərabərlik və onun aspektləri, o cümlədən onların gündəlik həyata inteqrasiyası barədə xatırlatmalıyıq. Avropa İttifaqı Azərbaycanla birgə həyata keçirdiyi bütün layihələrdə gender bərabərliyi məsələsini nəzərə alır”, - K.Yankauskas bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar 100 il bundan əvvəl səs vermək hüququna sahib olublar. “Düşünürəm ki, son parlament seçkilərində qadınların öz hüquqlarından necə istifadə etdiyini də nəzərdən keçirməliyik”, - o əlavə edib.

Bundan əlavə, səfir bu ilin iyununda keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə də toxunub. O, bu tədbirin həm Aİ, həm də Azərbaycan üçün əhəmiyyətli və vacib olduğunu vurğulayıb.

“Şərq Tərəfdaşlığı” proqramına münasibəti və yanaşmanı dəyişdirə biləcək və yeni əməkdaşlıq formatına keçməyə imkan verəcək yeni saziş üzərində danışıqlar aparılır”, - K.Yankauskas söyləyib.

Avropa İttifaqı Azərbaycanın kənd yerlərində, xüsusilə qadınların iştirakı ilə yaşayış üçün gəlir mənbələrinin və müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir, insanların öz biznesini yaratması üçün Aİ ölkənin müxtəlif bölgələrində yeni texnologiyalar, praktiki bacarıqlar və hətta maliyyə dəstəyi ilə təmin edən çoxlu sayda layihələrə dəstək verir.

“Azərbaycanın kənd yerlərində dayanıqlı mikrosahibkarlığın inkişafı layihəsi” Gəncə, Şəmkir, Quba, Bərdə və Zaqatala rayonlarında həyata keçirilir və kənd təsərrüfatı sahəsində kiçik biznesə başlmaq və ya mövcud biznesi inkişaf etdirmək imkanı verir. Layihə azı 500 nəfərə şəxsi və ailə büdcəsinin təşkili üçün maliyyə sahəsinə dair zəruri təlim və daha 150 nəfərə biznesin idarə edilməsi üzrə bacarıqlar, o cümlədən yeni müəssisələrə mentorluq dəstəyi təmin edib. Sözügedən layihə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra edilir. Bu qurum həmçinin Naxçıvanda “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” adlı Aİ tərəfindən maliyyələşdirilən daha bir layihənin icrasını sona çatdırır.

Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında “Aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı” layihəsi (SEEDS) “SOS Uşaqlar Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir.

Layihədə uşaqlar üçün müavinətlər və sosial xidmətlər ilə əlaqədar dəstək ilə yanaşı, kurs və təlimlər vasitəsilə təxminən 1000 qadının bacarıqlarının artırılması və yaşayış üçün gəlir mənbələrinin yaradılması nəzərdə tutulub. Daha 400 aztəminatlı kənd ailəsi (yaxud övladını təkbaşına böyüdən valideyn) kənd təsərrüfatının və turizm sahəsində fəaliyyətlərin təşviqi vasitəsilə gəlir mənbələrini yaxşılaşdırıb.

BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyi “Balakəndə fəaliyyət göstərən ABAD Regional Mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək” layihəsini həyata keçirir. Bu layihə biznesin yaradılması, qablaşdırma və logistika, brendləmə və satış üzrə təlimlər vasitəsilə əl işləri və qida istehsalı sahələrində müəssisələr yaratmaqda ailələrə dəstək verir, o cümlədən kiçik ölçülü avadanlıqların və istehsal vasitələrinin təmin olunmasında həmin ailələrə yardım edir.

“EU4Business” təşəbbüsü isə Azərbaycanda özəl sektorun inkişafına dəstək verir. Bu təşəbbüs çərçivəsində icra olunan çoxlu sayda proqramlar vasitəsilə maliyyə (və təlim) xidmətindən yararlanmaq mümkündür.

Xüsusilə AYİB-nin “Women in Business” (İş qadınları) proqramı qadınlar tərəfindən idarə olunan müəssisələrə təlim və subsidiya alan müəssisələr üçün məsləhət xidməti təklif edir. Proqram həmçinin biznesi qiymətləndirmək və lazımi dəstək haqqında məlumat almaq üçün “Business Lens” kimi fərdi onlayn alətlər təklif edir.

Subsidiya alan müəssisələr üçün məsləhət xidmətini həmçinin strategiya, marketinq, əməliyyatlar, keyfiyyətin idarə edilməsi, enerjinin səmərəliliyi, maliyyənin idarə edilməsi və digər sahələr üzrə Kiçik müəssisələr üçün məsləhət xidməti proqramı çərçivəsində əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi