​Robert Uolter: "Məruzəmdə qaçqın və məcburi köçkünlərin də fikirləri yer alacaq"

​Robert Uolter: "Məruzəmdə qaçqın və məcburi köçkünlərin də fikirləri yer alacaq" Əli Həsənov AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisini qəbul edib
Xarici siyasət
13 Mart , 2015 20:27
​Robert Uolter: Məruzəmdə qaçqın və məcburi köçkünlərin də fikirləri yer alacaq

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.

Bu barədə "Report"a Komitədən məlumat verilib. Baş nazirin müavini bildirib ki, Robert Uolterə onun Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması ilə bağlı hazırlayacağı məruzənin mövcud vəziyyəti obyektiv əks etdirəcəyinə əminliyini bildirib: "Sizin üzərinizə ağır bir vəzifə düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlayacağınız məruzə obyektiv olsa, erməni tərəfi Sizə hücum edəcək, qeyri-obyektiv olsa, biz razılaşmayacağıq. Ancaq bütün bunlara baxmayaraq, nə qədər çətin və nə qədər ağır da olsa, həqiqəti söyləmək, düzü demək vacibdir".

Ə.Həsənov vurğulayıb ki, Avropa ölkələri uzun illərdir, müstəqildir və insan haqları, demokratiya məsələləri ilə məşğuldur: "Bizim müstəqilliyin yaşı isə 20 ildən bir az artıqdır. Onun da böyük hissəsini Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə keçirmişik. İndi tez-tez insan haqları sahəsində “Avropa standartları”ndan bəhs edirlər. Ancaq onun nə olduğunu axıradək izah edən yoxdur. Hər ölkəyə ayrılıqda, onun inkişaf yolunu nəzərə almaqla yanaşmaq lazımdır. Baxmaq lazımdır ki, bizdə-Azərbaycanda 10 il əvvəl vəziyyət necə idi, indi necədir? Artıq bir neçə ildir Azərbaycan Prezidenti 5 strateji vəzifə müəyyənləşdirib: yoxsulluq həddinin minimum endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Və sonda insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Onu da deməliyəm ki, biz qaçqın və məcbiri köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik. Çünki o illərdə bu sahədə yığılıb qalan problemlər həddindən artıq çox idi".

Komitə sədri qeyd edib ki, Dağlıq Qarabağ konfliktindən danışarkən ona yalnız Ermənistanla Azərbaycan arasında baş verən münaqişə kimi baxmaq düzgün deyil: "Burda digər dövlətlərin maraqları daha güclüdür. Bizə deyirlər: öz aranızda razılığa gəlin. Deyirik, onda siz kənara çəkilin. Deyirlər, yox, onda qan tökülər. Bir də başa düşmək olmur ki, Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gələn antidemokratik bir rejimlə hansı danışıqlara getmək olar. Onlar “fəxr”lə dünya ermənilərinə bildirirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ancaq bütün bu “nailiyyətlər”ə baxmayaraq ölkə sürətlə boşalır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə son 10-15 ildə bu rejimdən canını götürüb qaçanların sayı milyon yarımı adlayıb. Belə getsə, axırda Sərkisyanla ətrafından başqa orda kimsə qalmayacaq. Onu da deyim ki, Ermənistan yeganə ölkədir ki, üç yerdən idarə olunur – Eçməzdin kilsəsi, Amerikanın erməni icması və təbii ki. Rusiya tərəfdən. Ona görə dünya bu məsələni həll etmək istəyirsə, birinci növbədə bunu Rusiya ilə həll etməlidir".

İşğal olunan ərazilərə dəyən zərərin Azərbaycan hökuməti tərəfindən beynəlxalq qiymətləndiriciləri cəlb etməklə hesablandığını qeyd edən Ə.Həsənov Ermənistanın hazırkı siyasətindən əl çəkməsə, tezliklə böyük təzminat tələbləri ilə qarşılaşacağını bildirib.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Robert Uolter hazırlayacağı məruzədə dövlət rəsmiləri ilə yanaşı, qaçqın və məcburi köçkünlərin də fikirlərinin yer alacağını qeyd edib. Qəsəbələrin biri ilə tanış olduğunu, yaradılan şəraitdən məmnunluğunu vurğulayan qonaq qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını bildirib. İşğal altındakı torpaqların azad edilməsindən sonra qayıdışın kütləvi proses olacağını vurğulayan Rober Uolter həmin ərazilərdə dağıdılmış infrastrukturun bərpası ilə bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş düşəcəyini söyləyib.

Qonaq qayıdış prosesində rahatlığın təmin olunması üçün köçkünlərin təmas xəttinə yaxın ərazilərdə məskunlaşdırılması və xüsusən yeni nəslin doğma torpaqlara qayıtması ilə əlaqədar məsələlərlə maraqlanıb.

Bu barədə məlumat verən Ə. Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib.

Sonda Baş nazirin müavini məruzənin obyektivliyi əks etdirəcəyinə bir daha inandığını vurğulayarq qeyd edib ki, Azərbaycan obyektiv və ədalətli qərarın tərəfdarıdır: "Yəni bizim xeyrimizə danışın demirik. Danışılan obyektiv söz, onsuz da, bizim xeyrimizə olacaq. Mətbuatdan da xahiş edirəm: obyektiv danışan belə insanları “bizim adamdır” deyib reklam etməyin. Yoxsa erməni tərəfi dərhal həmin şəxsi qaralayacaq. Sözün düzünü deyənləri isə biz zərbə altında qoymamalıyıq".

Görüşün sonunda AŞPA-nın məruzəçisinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Son xəbərlər

Orphus sistemi