Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib Dövlət başçısı Azərbaycanın Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib
Xarici siyasət
26 Yanvar , 2017 10:06
Prezident İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib.

O, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq iki ölkə arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Səfir Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Said Xan Mohmand Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Səfir Said Xan Mohmand, həmçinin əminliyini ifadə etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Qarşılıqlı səfərlərə toxunan Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib.

Səfir Prezident İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini deyib.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi