Prezident İlham Əliyev: “Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır” - YENİLƏNİB

Prezident İlham Əliyev: “Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır” - YENİLƏNİB Dövlət başçısı Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
Xarici siyasət
14 Noyabr , 2016 12:36
Prezident İlham Əliyev: “Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır” - YENİLƏNİB

*** saat 11:04

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

“Report” xəbər verir ki, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlət başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladıb. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirib. Azərbaycanın maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini deyən dövlət başçısı bank tərəfindən Azərbaycanda həyata keçirilən çox mühüm layihələrə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyə görə Vençay Janqa minnətdarlığını bildirib. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra digər sahələrdə də əməkdaşlığına toxunan dövlət başçısı birgə həyata keçirilən infrastruktur layihələrinin əksəriyyətinin artıq başa çatdırıldığını bildirib. Qurumla əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri, həmçinin son illərdə görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edib.

Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlət başçısına çatdırıb. O, 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğuladı.

Görüşdə Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin, o cümlədən Şimal-Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi və digər layihələrin önəmi vurğulandı, 2017-2019-cu illərdə ölkəmizə dair bu cür layihələrin həyata keçirilməsinin bankın kreditləşmə proqramına daxil edilməsindən məmnunluq ifadə edilib.

Son xəbərlər

Orphus sistemi