Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub" "General Maçey Süleyman Sulkeviç isə öz həyatını Azərbaycanın müstəqilliyinə qurban verib"
Xarici siyasət
28 İyun , 2017 02:44
Polşa prezidenti: Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub

Bakı. 28 iyun. REPORT.AZ/ "Polşa və Azərbaycan xalqlarını bir-birinə bağlayan dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır. Polyaklar Azərbaycana artıq XVIII əsrdən başlayaraq üz tutub, burada özlərinə ikinci yurd tapıb və yeni vətənlərinin inkişafında iştirak ediblər".

"Report" xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda Varşavada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə deyib.

"XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlayıb. O vaxt “Bakı neftinin atası” adlandırılan geoloq Vitold Zglenitskinin və mühəndis Pavel Pototskinin nailiyyətləri xüsusi tanınırdı. Bu günədək Azərbaycanda onların nailiyyətlərinin xatırlanması və Pavel Pototskinin Xəzər dənizinin sahilində yerləşən məzarına hörmət və qayğı göstərilməsinə görə sizə minnətdarlığımı bildirirəm. XIX əsrin sonları - XX əsrin əvvəllərində polyak əsilli tanınmış memarlar Yuzef Qoslavski, Yuzef Ploşko, Yevgeni Skibinski və digərləri bu gün də mötəbərliyini itirməyən Bakının simasının formalaşmasına öz töhfələrini veriblər. Milliyyətcə polyak Stanislav Despot-Zenoviç isə Bakı şəhərinin başçısı olub.

Bir çox polyak üçün Bakının nə qədər əhəmiyyətli olmasını, həmçinin polyak ədəbiyyatının nadir incilərindən sayılan Stefan Jeromskinin “Bahar ərəfəsi” əsərinin əvvəlindəki hadisələrin məhz bu şəhərdə - baş qəhrəman Tsezari Barıkanın uşaqlıq və gənclik illərinin keçdiyi, atası Severinin böyük ümidlər bəslədiyi şəhərdə cərəyan etməsi təsdiq edir", - deyə o əlavə edib.

Polşa prezidenti bildirib ki, "XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı. 1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərib. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qoruyub. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür".

"Hörmətli cənab Prezident, artıq bizim müasir əlaqələrimiz də əhəmiyyətli tarixə malikdir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur. Diplomatik münasibətlərimizin 25-ci ildönümü məni sevindirir. Gələcəyə nikbinliklə baxır, Polşa və Azərbaycan əməkdaşlığı üçün yeni perspektivlər görürəm. Əminəm ki, ölkələrimizin uğurları naminə bundan istifadə edəcəyik", - deyə Andjey Duda söyləyib.

Son xəbərlər

Orphus sistemi