Metyu Brayza: "Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub"

Metyu Brayza: "Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub" "Putin sülhməramlı rolu oynaya bilsə, bu, çox yaxşı olar"
Xarici siyasət
22 İyul , 2016 14:21
Metyu Brayza: Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub

Bakı. 22 iyul. REPORT.AZ/ "Vyana və Sankt-Peterburq danışıqlarında həqiqətən müəyyən nəticələr əldə olunub. Çünki danışıqlar təkcə təmas xəttindəki gərginliyi azaltmayıb, həm də münaqişənin həllində siyasi məqamların müzakirəsinin başlanmasına gətirib çıxarıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, müəyyən nəticələrin əldə olunmasını Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatı da təsdiq edir.

Münaqişənin həllində Rusiyanın rolunun güclənməsi məsələsini şərh edən M.Brayza əvvəllər həmişə Rusiya prezidenti Vladimir Putinin bu məsələ ilə ciddi məşğul olmadığını düşündüyünü bildirib: "Ancaq Bakıda keçirilən danışıqlardan sonra belə nəticəyə gəldim ki, Putin həqiqətən aprel böhranının çox ciddi olduğunun, böyük təhlükə daşıdığının və mümkün müharibənin Rusiya üçün faydalı olmadığının fərqinə varıb. Putin sülhməramlı rolu oynaya bilsə, bu, çox yaxşı olar".

Mətbuatda Qarabağ məsələsinin mərhələli həlli çərçivəsində Azərbaycanın beş işğal olunmuş rayonunun ilin sonuna qədər qaytarıla bilməsi barədə yayılmış məlumatı şərh eədn keçmiş həmsədr bildirib ki, bu, belə tez baş verə bilməz: "Mən danışıqlarda iştirak etmirəm. Bəlkə də onlar bizim bilmədiyimiz müəyyən razılaşma əldə ediblər. Amma fikrimcə, proses uzun çəkəcək. Belə məsələlər bir neçə ay ərzində həll edilmir".

M. Brayza, həmçinin bəzi politoloqların və ekspertlərin Yerevanda polis binasının ələ keçirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin pozulmasına yönəldilməsinin mümkünlüyü barədə fikirlərini bölüşdüyünü vurğulayıb. Bu mənada o, bir neçə il əvvəl Ermənistan parlamentində törədilmiş terror aktını xatırladıb və həmin hadisənin danışıqlar prosesini yarımçıq qoyduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi