Gürcü siyasətçiləri Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər - FOTO

Gürcü siyasətçiləri Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər - FOTO Heydər Əliyev gürcü xalqının yaxın dostu, xilaskar idi
Xarici siyasət
13 Dekabr , 2016 22:37
Gürcü siyasətçiləri Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər - FOTO

Tbilisi. 13 dekabr. REPORT.AZ/ Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi gürcü xalqının yaddaşında əbədi yaşayacaq. Heydər Əliyev gürcü xalqının yaxın dostu, xilaskar idi.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın nüfuzlu siyasətçiləri, elm adamları söyləyiblər.

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri komitəsinin sədri Zviad Kvaçantiradze "Report"a müsahibəsində deyib: “Tale mənə Heydər Əliyev kimi dahi insanla şəxsən tanış olmaq xoşbəxtliyi nəsib edib. Mən bu dahi şəxsiyyətlə görüşlərimi unuda bilmirəm. Onunla hər görüş bir tarix, yeni bir dərs idi”.

Komitə sədrinin sözlərinə görə, dövrünün ən görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının xilaskarı deyil: “SSRİ dağıldıqdan sonra Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə yeni dövr başlanıb. Onun gərgin əməyi, səyi nəticəsində təkcə sizin ölkədə deyil, bütövlükdə regionda təhlükəsizliyə nail olunub. Regional təhlükəsizliyin yeni qaydaları müəyyən edilib. Yeni strateji iqtisadi layihələrin icrasına başlanılıb. Bu layihələr təkcə Azərbaycanın deyil, Gürcüstanın və bütövlükdə regionun inkişafına təkan verib. Gürcü xalqı bu dahi insanın dost, ağsaqqal qayğısını heç vaxt unutmayacaq. Məhz Heydər Əliyevin səyi nəticəsində Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və dünya əhəmiyyətli layihələrin aktorlarıdırlar. Bu rola, bu mövqeyə görə, biz, məhz Heydər Əliyevə borcluyuq”, - deyə, Kvaçantiradze vurğulayıb.

Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, "geonews.ge" informasiya portalının rəhbəri, politoloq Badri Natçkebiya isə bildirib ki, müasir dövrün ən təcrübəli rəhbəri Heydər Əliyev tək Azərbaycanın deyil, Gürcüstanın, eləcə də bütövlükdə Cənubi Qafqazın xilaskarı idi: "Məhz bu dahi şəxsiyyətin gərgin əməyi nəticəsində Cənubi Qafqazda sülhə nail olunub. O sübut edib ki, sülh, sabitlik və xalqlar arasındakı dostluq müasir dünyanın yeganə xilas yoludur. Bugünkü inkişafımız da Heydər Əliyevin adı ilə bağlıdır.

Onun fədakarlıqla təməlini qoyduğu və bu gün həyata keçirilən iri miqyaslı neft-qaz, nəqliyyat və digər layihələr regionun inkişafını təmin edib.

Biz Azərbaycan xalqının böyük oğlunu birlikdə anırıq. Çox şadam ki, gürcü xalqının böyük dostu olan Heydər Əliyevin doğum günü, anma mərasimi və digər tədbirləri biz birlikdə qeyd edirik. Bu bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir. Bu dostluq, qardaşlıq bizə Heydər Əliyevdən miras qalıb. Allah Azərbaycan xalqının və mənim gürcü xalqımın böyük oğluna rəhmət eləsin".

Tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya deyib ki, sovet dövründə o, SSRİ Nazirlər Sovetində ən mühüm sənaye sahələrinə kuratorluq edirdi: "İttifaq dağılandan sonra isə Azərbaycanda hakimiyyətə qayıtdı və çox böyük çətinliklərə baxmayaraq öz xalqına rəhbərlik etdi.

Heydər Əliyev fantastik şəkildə Azərbaycanı postsovet məkanında iqtisadi baxımdan ən firavan ölkələrdən birinə çevirib. Müasir Azərbaycanın bütün tarixi Heydər Əliyevin adı ilə bağlı olub, onun adı ilə bağlıdır və bağlı olacaq.

Mən Heydər Əliyevin nurlu xatirəsi qarşısında baş əymək, İlham Heydər oğluna təşəkkür etmək istəyirəm ki, o, atasının işini inamla davam etdirir”, - deyə, Marxuliya vurğulayıb.

Son xəbərlər

Orphus sistemi