Elmar Məmmədyarov: "Mövcud ikili standartlar qeyri-stabilliyə gətirib çıxarır"

Elmar Məmmədyarov: "Mövcud ikili standartlar qeyri-stabilliyə gətirib çıxarır" "Ermənistanın destruktiv siyasəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil edir"
Xarici siyasət
2 Oktyabr , 2015 09:35
Elmar Məmmədyarov: Mövcud ikili standartlar qeyri-stabilliyə gətirib çıxarır

"Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması və işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir"

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin 70 illik yubileyi münasibətilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxış edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov deyib ki, BMT-nin təsis edilməsindən indiyədək təşkilatın Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Onun fikrincə, BMT mövcud olduğu dövrdə beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib: "Təhdidlər daha da mürəkkəbləşir və qarşılıqlı xarakter alır, mövcud və yaranmaqda olan problemlər arasında xətt isə qeyri-müəyyəndir. Beynəlxalq münasibətlərdəki qüvvələr balansı da dəyişib. Bizim müşahidə etdiyimiz digər hal isə odur ki, dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsipləri çox zaman yanlış təfsir edilir və ya qeyd-şərtlərlə həyata keçirilir, onlardan bəziləri isə, o cümlədən öz müqəddəratını müəyyən etmək prinsipi təhdid və ya güc tətbiqi, ərazi ələ keçirilməsi və əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə edilir. Bu prinsiplərin tətbiqi zamanı mövcud ikili standartlar qeyri-stabilliyə, münaqişənin həlli prosesində çıxılmaz vəziyyətə gətirib çıxarır və vəziyyəti gərginləşdirmək potensialına malikdir".

Azərbaycanın XİN başçısı deyib ki, bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi xüsusilə son iki onillikdə insan itkilərinin artmasına səbəb olub. E.Məmmədyarov vurğulayıb ki, BMT-nin sülhməramlı fəaliyyətinin əhəmiyyətli şəkildə intensivləşməsi təşkilatın bununla bağlı böyük resurslar sərf etməsinin bariz nümunəsidir: "Buna görə də münaqişələrin qarşısının alınması, vasitəçilik və sülh quruculuğu sahələrində BMT-nin daha aktiv səylər göstərməsinə ehtiyac vardır.

Biz BMT-nin əsas funksiyaları arasında uzlaşmanın və balansın təmin edilməsini BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün əsas ilkin şərt hesab edirik. Beynəlxalq münasibətlərdə dövlətlər davamlı inkişaf və əməkdaşlıq, insan hüquqlarına hörmətin təşviq edilməsinə şəraitin yaradılması üçün beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına səy göstərməlidir. İnsan hüquqlarının pozulması hallarının böyük əksəriyyəti bilavasitə və ya bilvasitə silahlı münaqişələr və dövlətlər arasındakı münasibətləri tənzimləyən norma və prinsiplərin kobud şəkildə pozulması ilə bağlıdır. Buna görə, BMT-nin beynəlxalq təhlükəsizliyə inkişaf gündəliyində məsələlərində olduğu kimi eyni enerji və inadkarlıqla yanaşması məqsədəuyğun olardı. Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm və sülhə qarşı digər təhdidlərin qarşısının alınması və aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün nəzərəçarpacaq təhlükəsizlik hədəflərinin müəyyən olunması ideyasını nəzərdən keçirə bilərik".

E.Məmmədyarov bu baxımdan, xüsusilə Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişəni göstərib: "Ermənistanın destruktiv siyasəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil edir. Ermənistan digər üzv dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməyə və onun ərazilərini işğal etməyə, mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi vəhşiliklərə görə cəzasız qalmağa, işğalın hal-hazırkı status-kvosunu möhkəmləndirməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamağa və münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə həllinə mane olmağa davam edir. Azərbaycan iyirmi ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması və işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir".

Son xəbərlər

Orphus sistemi