Elmar Məmmədyarov: "Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici siyasətinin əsasını təşkil edir"

Elmar Məmmədyarov: "Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici siyasətinin əsasını təşkil edir" "Enerji infrastruktur layihələri Azərbaycanın yaxın tərəfdaşları ilə əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirib"
Xarici siyasət
26 May , 2016 09:59
Elmar Məmmədyarov: Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici siyasətinin əsasını təşkil edir

Bakı. 26 may. REPORT.AZ/ "Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici siyasətinin əsasını təşkil edir. Azərbaycan hazırda Avropaya təbii qaz tədarükünün diversifikasiyasında əhəmiyyətli rol oynayacaq Cənub qaz dəhlizi üçün enerji resurslarının təchizatını həyata keçirən yeganə ölkədir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year"  jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, iki mühüm layihə - Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) hazırda gələcəkdə Avropanın qaz tələbatının 20%-ə qədərini ödəmək üçün potensialı olan Cənub qaz dəhlizi çərçivəsində reallaşdırılır.

"Enerji infrastruktur layihələri Azərbaycanın yaxın tərəfdaşları ilə əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirib, Türkiyə və Gürcüstanla regional əməkdaşlığı artırıb", - deyə XİN başçısı bildirib.

O, Azərbaycanın həmçinin, məsələn, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi və yeni Bakı beynəlxalq dəniz limanı kimi nəqliyyat infrastrukturu layihələrinə sərmayələr yatırılması hesabına əhəmiyyətli transkontinental nəqliyyat dəhlizlərinin təşviqində fəal iştirak etdiyini diqqətə çatdırıb.

"BTQ dəmir yolu xətti Cənubi Qafqazın Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqe tutmasına doğru daha bir addım olacaq", - deyə E.Məmmədyarov vurğulayıb.

"Azərbaycan yalnız özünün yox, həm də bütün regionun inkişafına yönəlmiş bütün potensial layihələrdə təşəbbüs göstərmək və dəstək nümayiş etdirməklə tərəfdaş ölkələr arasında bərabər və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində daim fəaldır", - deyə XİN başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi