Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib Şəhidlərin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edilib
Xarici siyasət
19 Yanvar , 2017 21:31
Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, mərasim iştirakçıları əvvvəlcə 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi və Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin "20 Yanvar faciəsi uşaqların gözü ilə" rəsm sərgisi ilə tanış olublar.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək XX əsrdə Sovet İmperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışıb, 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib. Səfir vurğulayıb ki, həmin gecədə öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub.

Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri Azərbaycanın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxdığını bildirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Sovet İmperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyib. O, 20 Yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi mühüm mərhələ olduğunu vurğulayaraq, yanvar şəhidlərinin Azərbaycanın istiqlala qovuşmasında müstəsna xidmətlərini qeyd edib.

Tədbirdə 20 Yanvar hadisələrini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Anım mərasimində Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Milli Konservatoriyanın Kamera orkestri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edib.

Rekviyemdə bir sıra Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub, şəhidlərin əziz xatirəsi anılıb. 

Son xəbərlər

Orphus sistemi