BMT-nin ali nümayəndəsi: "Bakıda keçiriləcək Sivilizasiyalar Alyansı Forumu qlobal tərəfdaşlığı gücləndirmək üçün unikal imkan yaradacaq"

BMT-nin ali nümayəndəsi: "Bakıda keçiriləcək Sivilizasiyalar Alyansı Forumu qlobal tərəfdaşlığı gücləndirmək üçün unikal imkan yaradacaq" "Forum dünyanın müxtəlif ölkələrindən olan 2,5 min iştirakçıya fikir mübadiləsi aparmaq baxımından inanılmaz imkan yaradacaq"
Xarici siyasət
22 Aprel , 2016 10:47
BMT-nin ali nümayəndəsi: Bakıda keçiriləcək Sivilizasiyalar Alyansı Forumu qlobal tərəfdaşlığı gücləndirmək üçün unikal imkan yaradacaq

Bakı. 22 aprel. REPORT.AZ/ "Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu qlobal tərəfdaşlığı gücləndirmək, ortaq məxrəcə gəlmək və praktiki və səmərəli həllər işləyib hazırlamaq üçün unikal imkan yaradacaq".

"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Naser Əbdül Əziz ən-Naser deyib.

"BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu (UNAOC) BMT-nin əsas prioritetlərini əks etdirən inklüziv cəmiyyətlərə yönələcək. Forum dünyanın müxtəlif ölkələrindən olan 2,5 min iştirakçıya beynəlxalq gündəmi inkişaf etdirmək üçün innovativ həllər işlənib hazırlanması üzrə fikir mübadiləsi aparmaq baxımından inanılmaz imkan yaradacaq", - deyə BMT-nin ali nümayəndəsi bildirib.

O, bunun bu gün - dünyanın müharibə, regional qeyri-sabitlik və zorakı ekstremizm səbəbilə ciddi humanitar böhranla qarşılaşdığı zaman xüsusilə aktual olduğunu qeyd edib.

"Dünya ictimaiyyəti kimi biz artıq dinc və ədalətli cəmiyyətin yaradılması üçün birgə məsuliyyətimizi inkar edə bilmərik. Forum bizə insanlığın ortaq əsaslarını tapmaq, praktiki və səmərəli həllər işləyib hazırlamaq və qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq", - deyə Naser Əbdül Əziz ən-Naser vurğulayıb.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aprelin 25-27-də Bakıda keçiriləcək. Foruma təxminən 2500 iştirakçı, o cümlədən dövlət başçıları, hökumət rəsmiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri, dini və gənc liderlər gələcək. Onlar "İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırışlar və məqsədləri" mövzusunda fikir mübadiləsi aparacaq.

Eyni zamanda, forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi