Azərbaycan və İran XİN rəhbərləri ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və İran XİN rəhbərləri ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi və bir sıra layihələrlə bağlı fikir mübadiləsi aparıblar
Xarici siyasət
16 Fevral , 2015 14:46
Azərbaycan və İran XİN rəhbərləri ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Bakı. 16 fevral. REPORT.AZ / Bakıda Azərbaycan və İran XİN rəhbərləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. 

"Report" xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşün yekunları ilə bağlı mətbuat konfransında E.Məmmədyarov bildirib ki, İran və Azərbaycan arasında sıx mədəni və dini əlaqələr mövcuddur. Azərbaycan XİN rəhbəri həmçinin qeyd edib ki, son illər İran nazirləri Azərbaycana 20-yə yaxın səfər edib. 

Bundan başqa, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da fikir mübadiləsi aparıblar. "Bu gün ATƏT-in MQ həmsədrləri ilə görüşüm olacaq. Lakin, təəssüflər olsun ki, danışıqlarda irəliləyiş yoxdur". 

E.Məmmədyarov həmçinin qeyd edib ki, görüş zamanı Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin İranda üçtərəfli görüşünün keçirilməsi haqqında məsələ də müzakirə olunub. 

Azərbaycan xarici işlər naziri əlavə edib ki, Reşt-Astara dəmir yolunun tikintisi məsələsi müzakirə obyekti olub. İran XİN rəhbəri "Şimal-Cənub" nəqliyyat dəhlizinin genişləndirilməsində maraqlı olduğunu bildirib və Azərbaycana İran sülh nüvə proqramını dəstəklədiyinə görə minnətdarlığını bildirib. 

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan İranla mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: "Biz Tehranda Azərbaycan Mədəniyyət Mərkəzini açmaq istəyirik, lakin təəssüflər olsun ki, müəyyən hüquqi manelər səbəbindən bu məsələ uzanır", - nazir qeyd edib.

Xatırladaq ki, İran XİN rəhbəri Azərbaycanda ikigünlük səfərdədir. 

Son xəbərlər

Orphus sistemi