Şamil Ayrım: "Azərbaycan və Türkiyə tarixinin ən gözəl dövrünü yaşayır" - VİDEO

Şamil Ayrım: "Azərbaycan və Türkiyə tarixinin ən gözəl dövrünü yaşayır" - VİDEO Dünyada mövcud olan ikili standartlar Qarabağ münaqişəsinin nizamlanmasına imkan vermir
Xarici siyasət
13 Fevral , 2019 14:45
Şamil Ayrım: Azərbaycan və Türkiyə tarixinin ən gözəl dövrünü yaşayır - VİDEO

"Dünyada mövcud olan ikili standartlar Qarabağ münaqişəsinin nizamlanmasına imkan vermir"

İstanbul. 13 fevral. REPORT.AZ/ "Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri fevralın 17-də Azərbaycana səfər edəcək". 

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycan əsilli deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib. 

Onun sözlərinə görə, səfər Azərbaycan-Türkiyə əlaqələri üçün faydalı olacaq: “Azərbaycana geniştərkibli nümayəndə heyəti ilə gedirik. Səfər çərçivəsində çox uğurlu işlərə imza atacağımıza ümid edirik. İki qrdaş ölkənin parlamentləri arasında qarşılıqlı münasibətlərin inkişafı üçün xüsusi görüşlərimiz və müzakirələrimiz nəzərdə tutulub. Hər gün daha da möhkəmlənən Azərbaycan-Türkiyə qardaşlığına verəcəyimiz ən kiçik dəstək bizim üçün çox böyük şərəfdir”.

TBMM-in üzvü Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasının özünün hər zaman diqqət mərkəzində olduğunu deyib: “Mən iki qardaş dövlət olan Azərbaycan və Türkiyəni bir-birindən ayrı təsəvvür etmirəm. Bir ağacın iki qolu, bir atanın iki oğluyuq. Türkiyə parlamentinin deputatı olaraq Azərbaycanda yaşanan hər hadisəni bütün türk xalqları kimi mən də həsaslıqla izləyirəm. Azərbaycan hər gün güclənən, möhkəmlənən, irəli gedən qardaş ölkəmizdir. Tarixin bütün dövrlərində əl-ələ verən Azərbaycan və Türkiyə qardaşlığı bu gün daha möhkəm bağlarla bir-birinə bağlanıb. Son illər dünyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşan nəhəng enerji layihələrindən danışır. İki qardaş ölkənin birgə reallaşdırdığı TANAP Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin dünya enerji bazarındakı rolu hər kəsə məlumdur. Bu gün SOCAR-ın Türkiyədə reallaşdırdığı layihələr uğurla davam etdirilir. Zənnimcə, bunları görmək iki ölkənin dünyadakı gücünü göstərmək üçün kiyafət edir”.

Ş.Ayrım Azərbaycan və Türkiyə arasında təhsil və mədəniyyət sahəsində aparılan uğurlu əməkdaşlıqdan, tələbə mübadiləsi proqramılarından da bəhs edib: “Türkiyədə və Azərbaycandakı ali təhsil müəssisələri bir-biri ilə səmərəli əməkdaşlıq edirlər. Mən bu gün Türkiyənin ən qabaqcıl universitetlərində təhsil alan çox istedadlı və savadlı azərbaycanlı tələbələr tanıyıram. Hətta məzun olub Azərbaycana dönərək tanınmış mütəxəssislərə çevrilən gənclərimiz də çoxdur. Bu, bizi sevindirir. Artıq gənclərimiz əl-ələ verib xarici ölkələrdə güclü diaspor yaradıblar. Bunu görmək mənim üçün böyük xöşbəxtlikdir. Artıq Azərbaycan və Türkiyə musiqinin gözəlliyini bir ahəngdə eşidirik. İllərlə dinləməyə həsrət qaldığımız mahnıları bu gün eyni avazdan eşidirik. Hər iki ölkənin teatrları bir-biri ilə səhnələrini paylaşır, sənətçiləri ortaq layihələr reallaşdırırlar. Azərbaycanın Türkiyədə turizim təmsilçiliyi fəaliyyət göstərir və iki qardaş ölkənin turizm sahəsində də gözəl əməkdaşlığı var. Fikrimcə, Azərbaycan və Türkiyə tarixinin ən gözəl dövrünü yaşayır”.

Millət vəkili vurğulayıb ki, Xocalı soyqırımın hər il Türkiyə parlamentində anılır: "Soyqırımın ildönümünün yaxınlaşdığı ərəfədə hər iki ölkənin vətəndaşları əl-ələ verərək  dünyanın Xocalıda yaşananları görməsi üçün hayqırması vacibdir. Əslində, Azərbaycan türklərinə edilən zülmlər, sadəcə, Xocalı ilə bitmir. Bu qətliamların 200 illik keçmişi var. Ancaq bu faciələrdən yaxın keçmişimizdə yaşananı 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımdır. Çünki Xocalı dünyanın gözünün qarşısında yaşanan, canlı şahidləri, videogörüntüləri olan, uşaqların gözlərinin oyulduğu, dərilərinin soyularaq cansız bədənlərinin divarlara vurulduğu, qadınların qarınlarının cırıldığı insanlığa sığmayan faciədir. Biz bunu qətliam, soyqırım olaraq görürük və dünyanın da zülmü bu şəkildə qiymətləndirməsini istəyirik. Bizim heç bir zaman başqa bir millətin torpaqlarında gözümüz olmadı. Azərbaycan öz torpaqlarını geri istəyir, başqasının torpağını deyil. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və bu torpaqların bir an öncə həqiqi sahibi olan Azərbaycana qaytarılmasını tələb edir. Ancaq Ermənistan bu qərarlara məhəl qoymur. Ermənilər işğal olunmuş torpaqlarda Azərbaycanın bütün mədəni mirasını yox ediblər, tarixi abidələrimiz, məscidlərimiz və dəyərlərimiz məhv olub. Bunun cavabını kim verəcək? Bir milyondan artıq məcburi köçkün var. Azərbaycan bütün imkanlarını səfərbər edərək yurd-yuvasından didərgin düşmüş bu insanları qorumaq, saxlamaq üçün çalışır. Ancaq dünya bunu görmək istəmir. Bəzi hallarda dünyada mövcud olan ikili standartlar, təcavükarla işğala məruz qalan tərəflərin eyniləşdirilməsi bütün dövrlərdə Türkiyə və Azərbaycanın ortaq problemi, ən böyük dərdimiz olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına imkan vermir. Bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə iştirakı zamanı 2019-cu ildən başlayaraq hər il aprelinin 24-nün ölkəsində qondarma “erməni soyqrımı”nın yad edilməsi günü kimi qeyd olunacağını bildirdi. Bu açıqlama heç bir əsası olmayan quru yalandır. Türkiyə Prezidenti 2005-ci ildə ölkə parlamentində çıxışı zamanı 1915-ci il hadisələrinin soyırım kimi qəbulunun yalnız tarixçilərin müəyyən etməli olduğunu vurğuladı. Arxivlər açılsın, elm adamları araşdırmalar aparsınlar, ondan sonra qərar qəbul olunsun. Bu parlamentlərin işi deyil. Bu gün Fransa Prezidenti belə bir qərarın qəbul olunmasına imzasını atırsa, bunu qınayırıq. Onlara verəcəyimiz ən gözəl cavab keçmişə dönüb Xocalıda yaşananlara baxmalıdır. Xocalı, sadəcə, Türkiyənin deyil, bütün türk dünyasının qanayan yarasıdır. Unutmayacağıq və unutdurmayacağıq. Gəlin bir olaq, durmadan haqqımızı tələb edək ki, dünya bizi görsün. İnanıram ki, bir gün dünya ictimaiyyəti Xocalı soyqırımını tanıyacaq, faciəni törədənlərin layiqli cəzasını verəcək".

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi