AŞPA-nın sessiyasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırılıb

AŞPA-nın sessiyasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırılıb Qənirə Paşayeva azərbaycanlı girovların azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıb
Xarici siyasət
30 İyun , 2017 15:04
AŞPA-nın sessiyasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırılıb

Strasburq. 30 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Ermənistan silahlı qüvvələrinin girov götürdüyü və hazırda ermənilərin işğalı altında olan Şuşada saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı məsələ qaldırılıb.

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva azərbaycanlı girovların azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

O, AŞPA-nı D.Əsgərov və Ş.Quliyevin azad olunması istiqamətində səylərini artırmağa çağırıb. Q.Paşayeva Avropa Şurasının baş katibi Torbyon Yaqlanda azərbaycanlı girovların azad edilməsi istiqamətində verdiyi açıqlamalara görə təşəkkür edib: "Amma təəssüf ki, Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, cənab Yaqlandın açıqlamalarına baxmayaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələlik heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti aylardır bu insanlara zülm edir".

Q.Paşayeva deyib ki, D.Əsgərov və Ş.Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər: "Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Dəyərli dostlar, Ermənistan AŞPA-nın qəbul etdiyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində heç bir addım atmır. Bu qətnamənin qəbul edildiyi zamandan bu günə rəsmi İrəvan onun yerinə yetirilməsi istiqamətində bir addım belə atmayıb. Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilən qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir addım atmır. AŞPA-da qəbul olunan bu qərarların həyata keçirilməməsi və Ermənistan tərəfindən onlara məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təqyiq göstərməsi lazımdır. Dəyərli həmkarlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmadımı? Qərarı sizlər vermədinizmi? Qəbul etdiyiniz 1416 saylı qərar nə üçün həyata keçirilmir? Sizlər Ermənnistandan bu qərarların həyata keçirilməsini qələb etməlisiniz. Verdiyiniz qərarlara məhəl qoymurlarsa təzyiq göstərməlisiniz. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, AŞPA-nın işğal edilmiş torpaqlardan çəkilməsinə dair qətnamələrini əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin “səs vermə haqqının alınması”ilə bağlı məsələni müzakirə edib, qərar qəbul etmir? 25 ildir öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistan təzyiq göstərmənizi gözləyir, sizi buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır”.  

Son xəbərlər

Orphus sistemi