ABŞ-da 11 yaşlı azərbaycanlı xərçənglə mübarizə aparan uşaqlara yardım məqsədilə fond yaradıb

ABŞ-da 11 yaşlı azərbaycanlı xərçənglə mübarizə aparan uşaqlara yardım məqsədilə fond yaradıb Onu günümüzünü ən böyük savaşçısı adlandıra bilərik. Söhbət ABŞ-ın Nyu-York şəhərində yaşayan xərçəng xəstəliyinə qalib gəlmiş həmyerlimiz Elana Laila Koenigndən gedir. O, 2020-ci ilin əvvəlində müalicə alan zaman ən böyük dəstəkçisiolan 8 yaşlı bacısı Sa
Xarici siyasət
13 İyul , 2020 13:27
ABŞ-da 11 yaşlı azərbaycanlı xərçənglə mübarizə aparan uşaqlara yardım məqsədilə fond yaradıb
Elana Laila Koenig

Onu günümüzün ən böyük savaşçısı adlandıra bilərik. Söhbət ABŞ-ın Nyu-York şəhərində yaşayan xərçəng xəstəliyinə qalib gəlmiş həmyerlimiz Elana Laila Koenigndən gedir. O, 2020-ci ilin əvvəlində müalicə alan zaman ən böyük dəstəkçisi olan 8 yaşlı bacısı Sabrina Koeniglə birlikdə Koeniq Uşaq Xərçəng Fondunu (Koenig Childhood Cancer Foundation) təsis edib. Çox qısa zamanda bu layihə dünyaya səs salıb. ABŞ-nın aparıcı televiziya kanalları 11 yaşlı azərbaycanlıdan bəhs edən xəbərləri  “Ruhdan düşməyin”, “Kiçik döyüşçü” “Mübarizə davam edir” başlığı ilə təqdim ediblər.

Elana Koenig "Report"un xüsusi müxbirinə müsahibəsində yaşadığı çətin və ağrılı günlərdən, eyni zamanda sağlamlığına qovuşduqdan sonra verdiyi qərarlardan danışıb.

Bildirib ki, ona sümük xərçənginin nadir növünün diaqnozu qoyulanda sadəcə 7 yaşı olub. Kimyaterapiya ilə başlayan ağrılı və çətin müalicə müddəti onun yaşamaq, mübarizə aparmaq əzmini zərrə qədər belə azaltmayıb: “7 yaşımda xərçəng adlı arzuolunmayan bir qonaq qapımızı döydü. Bu xəstəlik bizim bütün həyatımızı alt-üst etdi. Bir il yarımdan çox xəstəxanada yaşadıq. Kimyaterapiya, əməliyyatlar və ağrılardan əlavə saçlarım da töküldü. 15 dəfə əməliyyat olundum. Artıq ağrılara və müalicələrə nifrət edirdim. Dərsə gedə bilmirdim, dərslərimə evdən davam edib, uğurlu olmağa çalışırdım. Həyatımın ən ağrılı günləri idi. Buna baxmayaraq, mən orta məktəbdəki test cavablarımdan yüksək bal toplayaraq istedadlılar məktəbinə daxil ola bildim. Bu əzmimlə onu göstərdim ki, nə olur olsun, heç zaman ruhdan düşməyin”.  

Elana müalicələrinin bitdiyi günü həyatının ən gözəl günü olduğunu deyir: “O gün anamla danışdım və qərar verdim ki, bundan sonra mən digər uşaqlara kömək etməliyəm. Mənim həyatımı xilas ediblər və mən də bunu başqalarına etmək istəyirəm. Beləliklə, xərçənglə mübarizə aparan uşaqlara dayəlik etdik, onlara virtual ad günləri təşkil etdik, qayğı paketləri apardıq, uşaqların tibbi xərclərini ödədik. Biz hətta COVID-19 pandemiyası ilə əlaqədar xəstəxanalara tibbi qoruyucu ləvazimatlar da apardıq, uşaqlara və onların valideynlərinə zəruri təmizləyici vasitələr verdik. Gördüyümüz işlərdən duyduğumuz zövq ən gözəl mükafatdır. Bacımla mən əvvəl ailəmin verdiyi dəstəklə, sonra isə hazırladıqlarımız şirniyyatları dostlarımla birlikdə satışa çıxararaq və nəhayət onlayn şəkildə vəsait toplamaq xəyalımız reallaşdı. Qısa müddət ərzində dünyanın hər yerindən insanların bizə qoşularaq dəstək olmaları bizi qlobal səviyyəyə yüksəltdi. Bu gün İsraildən, Azərbaycandan və Avropanın başqa ölkələrindən həm uşaqlar, həm də böyüklər bizə dəstək olurlar. Biz sadəcə xərçənglə mübarizə aparan uşaqlara kömək etmirik, eyni zamanda insanlara xərçənglə mübarizə aparan uşaqlara qarşı həssas davranmağı öyrədirik”. 

Elananın müalicəsi bitdikdən sonra o, xərçənglə mübarizə təşkilatlarının xeyriyyə tədbirlərində təcrübələrini bölüşüb. O, Amerikanın məşhur "Mubarizə mahnısı"nı (Fight Song) ifa edərək 1 milyon dollardan çox vəsait toplayıb. Həmin vəsait xərçəndən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunub. Azərbaycan mahnılarını çox sevən və gözəl ifa edən həmyerlimizin ən böyük dəstəkçiləri arasında dünyanın 100-dən cox tanınmış simaları ilə yanaşı azərbaycanlı blogerlər də var.

Nəhayət, 2020-ci ilin əvvəlində bacısı ilə birlikdə Koeniq Uşaq Xərçəng Fondunu yaradan Elana qısa müddət ərzində bir çox uşaqlara dəstək olub. Həmin uşaqların arasında beş azərbaycanlı da var və o yaratdığı fond vasitəsi ilə onlara mütəmadi olaraq maddi və mənəvi dəstək göstərir: "Biz indiyə qədər Azərbaycanda xərçəng xəstəliyi ilə mübarizə aparan Sənəm, Mübariz, Hüseyn, Sidiqə və İbrahimə maddi və mənəvi yardım göstərmişik və onlarla dostlaşaraq mütəmadi olaraq görüntülü əlaqə saxlayırıq. Onlara buradan salamlar göndərirəm. Biz daha çox azərbaycanlı uşaqlara kömək etmək istəyirik. Azərbaycan mənim ana Vətənimdir. Azərbaycanı çox sevirəm. Elə bu səbəbdən də, oradakı uşaqlara kömək etmək mənim ən böyük istəyim və diləyimdir”.

Elananın təsis etdiyi bu fond #KidsCrushCancer (#UşaglarXərçəngiƏzişdirir) həştəqi ilə növbəti kampaniyaya başlayıb. Bu kampaniyada balaca liderin məqsədi ən az 1 milyon ABŞ dolları toplamaqdan ibarət olub. Sevindirici haldır ki, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar könüllü olaraq Elananın qurduğu fondu dəstəkləyirlər: “Bizim çox fərqli bir mesajımız var. İnternet istifadəçisi olan hər kəs əslində bizim könüllü üzvümüz ola bilər. Belə ki, əlinizə aldığınız istənilən əşyanı - məsələn, kağız, su ilə doldurulmuş şar, pomidor və s. əzərək xərçəng xəstəliyinə meydan oxuduğunuzu göstərən qısa video çəkib onu www.charidy.com/kccf  linki ilə maksimum sayda insan işarələməklə və #KidsCrushCancer və #UşaqlarXərçəngiƏzişdirir həştəqləri ilə paylaşmaqla bizim dünya miqyasında tanınmamıza kömək edə bilərsiniz". 

Xərçənglə mübarizə aparan daha çox uşağa əl uzatmaq istəyən Elana bütün dünya ölkələrində yaşayan azərbaycanlıları və azərbaycanlı iş adamlarını bu kampaniyaya qoşulmağa və Azərbaycanda xərçənglə mübarizə aparan uşaqlara dəstək olmağa çağırır. Fond həmçinin Türkiyədəki “Make A Wish” (Arzu tut) şirkəti vasitəsilə uşaqlara arzuladıqları hədiyyələrin verilməsinə yardım edir. 

Elananın anası həmyerlimiz Rəna Koenig övladının ən böyük dəstəkçisidir. O, Nyu-York Universitetinin Stern Business Məktəbinin məzunudur. Rəna çətin və ağrılı günlərdən keçdikdən sonra övladının gerçəkləşdirdiyi layihənin səsinin bütün dünyaya yayılmasından qürur hissi keçirdiyi deyib: “Elananın müalicə aldığı xəstəxana evimizin çox yaxınlığında idi. Hər dəfə oradan keçəndə xüsusi arabalarda valideyinləri tərəfindən müalicəyə gətirilən saçlarını itirmiş uşaqları görəndə çox təsirlənirdim və onlara yaxınlaşıb kömək etmək istəyimi dilə gətirməkdən ehtiyat edirdim. Çünki, o valideyinlər heç kimlə ünsiyyətdə olmaq istəmir və bütün diqqətlərini öz övladları üzərində cəmləşdirmək istəyirlər. Heç ağlıma belə gəlməzdi ki, bir gün mən də onlarla eyni taleyi yaşaya bilərəm. Elanaya xərçəng diaqnozu qoyulduğu xəbərini alanda elə bildim ki, dünyanın axırıdır. Həmin valideynlər kimi özümüzü dünyadan təcrid etdik və bütün diqqətimizi Elanaya yönəltdik. Bu uzun sınaq müddəti bizə çox şey öyrətdi. Bu gün isə öyrəndiklərimizi eyni sınaqdan keçən başqa ailələrə yönəltməklə faydalı olmağa çalışırıq”. 

R.Koenig deyir ki, fond xərçənglə mübarizə aparan uşaqlara, sağlam uşaqların əli ilə kömək etməyə çalışır: “Bizim bu xeyriyyəçilik işimiz uşaqları və böyükləri xeyirxahlıq baxımından maarifləndirir və kiçiklərimizi lider kimi yetişdirir. Biz dünyanın hər yerində yaşayan azərbaycanlıları və azərbaycanlı iş adamlarını bu gözəl aksiyanı dəstəkləməyə çağırırıq. Məqsədimiz könüllülərimizin sayını artırmaq və maksimum ianə toplayıb maksimum sayda uşaqlara dəstək olmaqdır. Güc birlikdədir".

Müəllif: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi