Mütəxəssis: "Tullantıları düzgün idarə edən şəhərlər turistlərdə müsbət təəssürat yaradır" - VİDEO

Mütəxəssis: "Tullantıları düzgün idarə edən şəhərlər turistlərdə müsbət təəssürat yaradır" - VİDEO Müasir dövrdə məişət tullantılarının idarə olunması vacib məsələlərdən sayılır.
Sosial müdafiə
22 Avqust , 2019 10:00
Mütəxəssis: Tullantıları düzgün idarə edən şəhərlər turistlərdə müsbət təəssürat yaradır - VİDEO

Müasir dövrdə məişət tullantılarının idarə olunması vacib məsələlərdən sayılır.

“Report” mövzu ilə bağlı Bakı sakinlərinin fikirlərini öyrənib, bu sahə üzrə mütəxəssis Süleyman Əliyevlə söhbətləşib və İqtisadiyyat Nazirliyindən rəsmi açıqlama alıb.

Bakının Nərimanov rayonunda keçirilən sorğu zamanı sakinlər bu rayonda məişət tullantılarının çeşidlənməsindən razılıqlarını ifadə ediblər. Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonunda bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə işlər görür. Belə ki, BŞİH bu il iyul ayının 10-dan etibarən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi konsepsiyasının həyata keçirilməsinə start verib. “Report”un sorğusunda iştirak edən Nərimanov sakinləri bu prosesin Bakının digər rayonlarında və bölgələrdə də həyata keçirilməsini təklif ediblər. Qeyd olunub ki, məişət tullantıları ilə bağlı həyata keçirilən tədbirlər Bakı şəhərinin təmiz saxlanmasına xidmət edir.

Mütəxəssis Süleyman Əliyev “Report”a müsahibəsində deyib ki, xüsusən də turistik bölgələrdə tullantıların idarə edilməsi vacibdir. Onun sözlərinə görə, Bakı turist qəbul edən böyük şəhərə çevrilir, ona görə də tullantıların idarə edilməsi şəhərə gələn turistlərin təmiz mühitdə yaşamasına şərait yaradacaq: “Tullantıları düzgün idarə edən şəhərlər turistlərdə müsbət təəssürat yaradır. Məsələn, Avropa ölkələrinə gedəndə, görürük ki, tullantıların çeşidlənməsi həyata keçirilir, bu, bizdə müsbət təəssürat yaradır. Son illərdə Bakıda tullantıların idarə edilməsinə diqqət artıb”.

“Tullantıları düzgün idarə edən şəhərlər turistlərdə müsbət təəssürat yaradır".

Süleyman Əliyev

Mütəxəssis Süleyman Əliyev

İqtisadiyyat Nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunu (BŞTZP). Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli Sərəncamına əsasən? Bakı şəhərində yaranan Bərk məişət tullantılarının yığılması və daşınmasını Bakı şəhər İcra Hakimiyyəti həyata keçirir, İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurulması və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərinin həyata keçirilməsi tapşırılıb. Nəticədə tullantılar çeşidlənir, yandırılır və basdırılır:

“Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən Balaxanı poliqonu 2009-cu ildə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” ASC-nin balansına verilib. 120 hektar sahəsi olan poliqonda tullantıların düzgün yerləşdirilməsi nəticəsində ərazidə mütəmadi baş verən yanğınların mənbəyi aşkarlanıb və qısa müddətdə qarşısı alınıb. İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı Poliqonunda tullantıların beynəlxalq standartlara uyğun düzgün yerləşdirilməsi və basdırılması təmin edilib. Beynəlxalq sanitar normalara uyğun olaraq, poliqona gətirilən bərk məişət tullantıları xüsusi hücrələrə yerləşdirilir və hücrə dolduqdan sonra tullantıları ətraf mühitdən təcrid etmək məqsədi ilə tullantılar geomembran və geotekstil qatlarla örtülür, üzərinə vegetativ torpaq səpilərək yaşıllıqlar yaradılır. Tullantılardan ayrılan çirkab sular xüsusi filtrlər vasitəsilə texniki suya çevrilərək suvarma işləri üçün istifadə edilir. Üzvi tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazlardan isə xüsusi generator vasitəsilə ildə 2 MVt/saat elektrik enerjisi əldə olunur. Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna tullantı gətirən nəqliyyat vasitələri tullantıları boşaltdıqdan sonra yuyulur və dezinfeksiya edilir. 4 kabinədən ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara uyğun qurulub və gün ərzində 400-dən çox maşına xidmət göstərmək gücünə malikdir. Müasir ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına cavab verən yuma və dezinfeksiya məntəqəsi Almaniya istehsalı olan yuma avadanlıqları ilə təchiz edilib. Yuma zamanı istifadə edilən su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndirilir”.

Qeyd olunub ki, “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurlu icraya görə Dünya Bankının xüsusi mükafatına layiq görülüb: «Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində ötən il ərzində 162,2 mln. KVt/saat elektrik enerjisi hasil edilib. Bu isə ölkədə istehsal olunan alternativ elektrik enerjisinin 51 faizini təşkil edir. İl ərzində zavodda əldə edilən enerji ilə təqribən 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. İstehsal gücünə görə Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsi üzrə bütün normativlərinə tam cavab verir. Zavodda yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutulur və ətraf mühiti çirkləndirmir. Daha ağır və zərərsiz olan dib külü yol inşasında istifadə olunur. Bundan əlavə, tullantıların yandırılması zamanı istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldilir. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır. Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BBMTYZ). Məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalın inkişaf etdirilməsi məqsədi ilə 2012-ci ildə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu inşa edilib. İllik gücü 200 min ton olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulub. Çeşidləmə nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, metal və digər xammal ümumi kütlədən ayrılır və təkrar emala yönəldilir. Bununla da, ölkədə təkrar emal sənayesi üçün ucuz xammal bazası formalaşır, tullantıların ümumi həcmi azalır, təbii ehtiyatlara və enerjiyə qənaət olunur, yeni iş yerləri yaradılır, tullantıların ətraf mühitə mənfi təsiri azaldılır. Balaxanı Sənaye Parkı. Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənən tullantıların bir qismi Balaxanı Sənaye Parkında yönəlir. Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış park 2017-ci ildə istifadəyə verilib. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış və layihələrinin investisiya dəyəri 41,5 milyon manat təşkil edən 17 rezidentdən 8-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınaraq Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 680-ə çatdırılması nəzərdə tutulur”.

Nazirliyin cavabında vurğulanıb ki, Əsas məqsəd tullantıların idarəolunmasını təmin edərək ətraf mühitə vurulan ziyanı minimuma endirməkdir. 1960-cı illərdən fəaliyyət göstərən BŞTZP-da 2009-cu ilədək hökm sürən antisanitariya və baş verən daimi yanğınlar, bu ərazini ekoloji fəlakət zonasına çevirmişdir. İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi nəticəsində poliqon MDB ərazisində fəaliyyət göstərən ən müasir sanitar poliqona çevrilib. Poliqonda on iki mindən artıq ağac əkilib. Həmçinin BBMTYZ-da tullantılar müasir üsulla yandırılaraq onların həcmi azaldılır və alternativ enerji əldə olunur. BBMTÇZ-da tullantılar çeşidlənərək təkrar emal müəssisələrinə yönəldilir, onlardan yeni məhsullar əldə olunur və tullantılar nəinki ətraf mühitə ziyan vurmur hətta təkrar emal olunaraq ölkə iqtisadiyyatına gəlir gətirir və təkrar emal sahəsində ucuz xammal bazarının yaradılmasına xidmət edir. Bakıda tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində olan vəziyyət 10 il öncəki ilə müqayisə olunmazdır. Vəziyyət tamamilə yaxşılığa doğru dəyişib. Və bu dəyişikliklərin davam etdirilməsi və bütün ölkəni əhatə etməsi üçün ötən ilin noyabr ayında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarəedilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” qəbul olundu. Strateqiyanın icrası çərçivəsində Ölkədə tullantıların idarəolunması presesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanın rayonlarında sanitar poliqonların və ötürücü məntəqələrin tikintisi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi