İlqar Rəhimov: "İndi əlillərin müraciət edə biləcəkləri yeni ünvan var"

İlqar Rəhimov: "İndi əlillərin müraciət edə biləcəkləri yeni ünvan var" Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun “Report”a müsahibəsi
Sosial müdafiə
8 Avqust , 2020 15:00
İlqar Rəhimov: İndi əlillərin müraciət edə biləcəkləri yeni ünvan var

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun “Report”a müsahibəsi

- MPK idmanla məşğul ola bilməyən əlillərin cəmiyyətə inteqrasiyası yönündə hansı addımlar atır?

- Gələn ilin fevralında Azərbaycanda paralimpiya hərəkatının 25 illiyini qeyd edəcəyik. Bu qısa müddətdə idman təşkilatı olaraq xeyli uğurlara imza atmışıq. Əlillərin idmana qovuşmaları, bu sahədə nailiyyətlərin qazanılmasında MPK böyük rol oynayır. Əlillərin idman vasitəsilə cəmiyyətə intqerasiyasında qarşımızda qoyulan məqsədlərə demək olar ki, çatmışıq. Bizə xeyli sayda sağlamlıq imkanları məhdud insanlar müraciət edib. Təbii ki, onların bir hissəsi idmanla məşğul olmaq istəmirlər və eyni zamanda idmanla məşğul olmaq onlara uyğun deyil. Buna görə də çalışırıq ki, onların həyatında rol oynaya bilək, problemlərinin aradan qaldırılmasında dəstək olaq. Bu baxımdan MPK son dövrlərdə xeyli sayda idmanla bağlı olmayan sosial layihələrin də icrasına başlayıb.

- Hansı layihələri misal olaraq, göstərə bilərsiniz?

- Bunların bəzilərini xatırlamaq istəyirəm. Biz 2013-cü ildə Uşaq Paralimpiya Komitəsinin yaradılmasına nail olduq. Bu gün o komitə ətrafında sağlamlıq imkanları məhdud olan minlərlə uşaq birləşib. Onlar beynəlxalq yarışlarda iştirak etməyə başlayıblar. Eyni zamanda 2019-cu ilin noyabrında “Yenilməzlər” adlı beynəlxalq qala-təqdimat həyata keçirdik. Burada məqsəd Azərbaycanda uğurlu fəaliyyəti olan əlilləri cəmiyyətə tanıtmaqdan ibarət idi. İstədik ki, insanlar sağlamlıq məhdudiyyəti olan şəxslərin də həyatda uğur qazana bildiyini görsünlər. Biz bu təqdimatı Respublikanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü hazırladıq və Heydər Əliyev Fondu ilə birlikdə keçirdik. Təqdimatda Leyla xanım Əliyeva, respublikamızda fəaliyyət göstərən bütün işəgötürənlər, xarici diplomatik korpusun nümayəndələri, iş adamları da iştirak etdilər. Orada səhnələşdirilmiş formada uğur hekayələri dinlənildi. Hesab edirəm ki, “Yenilməzlər”in təqdimatı əlillərin gələcək həyatına, fəaliyyətinə çox böyük töhfə verəcək. Çünki biz onlarla danışır, monitorinq aparırıq. Görürük ki, işəgötürənlər əlillərin işlə təmin olunmasında, məişət problemlərinin həllində daha da fəallaşıblar. Təbii ki, bu, Azərbaycan dövlətinin sosial siyasətinin tərkib hissəsi, Prezident İlham Əliyevin fərman və sərəncamlarının sosial sahəyə aid olanlarının bir hissəsinin icrasıdır.

Müyəssərliyin Qiymətləndirmə Mərkəzi hansı zərurətdən təsis olunub?

- Biz Paralimpiya Komitəsi, vətəndaş cəmiyyətinin üzvü olaraq ictimai təşkilatıq. Çalışırıq ki, bu sahədə ictimai iştirakımızı təmin edək. Ölkə başçısının vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində çox zəngin və uğurlu fəaliyyəti var. Bu fəaliyyətin həyata keçirilməsinə dəstək olmağı özümüzə borc bilirik. Buna görə də bütün çağırışlara, tapşırıqların həyata keçirilməsinə daim hazırıq. Bu baxımdan, problemlərdən biri də müyəssərlik məsələsidir. Müyəssərlik -mövcud infrastruktur obyektləri, binalar, qurğular və nəqliyyat vasitələrinin əlillərin istifadəsi üçün əlçatan olması deməkdir. Ölkəmizdə bununla bağlı müəyyən problemlər var və bunlar qısa müddətdə həll olunası deyillər. Çünki illərdir yığılmış məsələlərdir. Cənab Prezidentin bununla bağlı xüsusi fərmanları var. Məsələn, İlham Əliyev “Əlillərin hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının qanununu imzalayıb. Eyni zamanda Azərbaycan BMT-nin Əlillərin Hüquqlarının Qorunması Konvensiyasına qoşulub və bunun icrası ilə məşğuldur. Cənab Prezident mütəmadi fərman və sərəncamlar verir. Fərmanlardan biri məhz müyəssərliyə aiddir.

- Bu fərmanda hansı məsələlər əksini tapıb?

- Bütün dövlət və yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, yeni tikilən obyektlərdə, istifadəyə verilən infrastrukturda müyəssərliklə bağlı bütün məsələlər layihələndirmə mərhələsində öz əksini tapmalıdır. Eyni zamanda, hazırda fəaliyyətdə olan binalar, qurğular və ictimai nəqliyyatlar da əlillər üçün uyğunlaşdırılmalıdır. Təbii ki, bu, ağlabatan uyğunlaşdırmalar olmalıdır. Çünki biz binanı söküb təzədən tikə bilmərik. Orada hansı imkan varsa, ona uyğunlaşdırmalıyıq. Beləliklə də müyəssərlik bu gün Azərbaycan dövlətinin prioritetinə çevrilib. Hesab edirik ki, bu, çox düzgün və vaxtında qaldırılan məsələlərdir. Çünki biz əlillərin cəmiyyətə inteqrasiyasından danışırıqsa, onların hüquqlarının həyata keçirilməsinə şərait yaratmalıyıq. Onlar evə qapanmamalı, öz hərəkətlərini həyata keçirməlidirlər. Ətraf mühit hazır olmalıdır ki, əlillər bu imkanlardan istifadə etsinlər. Bu baxımdan biz MPK olaraq, bu məsələlərdən kənarda qala bilməzdik. Çünki "İctimai İştirakçılıq haqqında" Azərbaycan Respublikasının qanunu var, orada ictimai nəzarət məsələləri nəzərdə tutulub.

- Mərkəzin ilk addımları nələrdən ibarət oldu? 

- Cənab Prezident son çıxışlarında daim vətəndaş cəmiyyətinə müraciət edir ki, dövlət siyasətinin həyata keçirilməsində cəmiyyət çox fəal olmalı və böyük rol oynamalıdır. İctimai təşkilatlar, ictimai nəzarət burada prioritet olaraq ayrıca qeyd edilir. Bu baxımdan, bütün məsələləri nəzərdən keçirdikdən sonra MPK olaraq, qərara gəldik ki, müyəssərliklə biz də məşğul olaq. Çünki idmançılarımız da, digər əlillər də, komitədə çalışan sağlamlıq imkanları məhdud insanlar da gündəlik belə hallarla rastlaşırlar. Özümüz üçün bir yol xəritəsi seçdik ki, cəmiyyətə, dövlətə nə töhfə verə bilərik. Rusiya Federasiyasında fəaliyyət göstərən beynəlxalq təşkilat var: “Ərazilərin Ekoloji-Sosial və İnnovativ İnkişafı üzrə Milli Mərkəzi”. Həmin təşkilat dünya səviyyəsində müyəssərliklə məşğul olur. Sankt-Peterburq şəhərinə ezam olunduq və orada bəzi danışıqlar apardıq, daha sonra müqavilə imzaladıq və razılığa gəldik ki, Azərbaycanda müyəssərliklə bağlı bir neçə ekspert hazırlansın. Onlar bu sahədə bütün qanunvericiliyi, təcrübəni mənimsəsinlər və fəaliyyət göstərməyə hazır olsunlar. Öz aramızda bu sahədə işləməyə meylli 6 nəfər ekspert seçdik. Onlar ikipilləli tədrisdən keçdilər. Həmin tədrisi Rusiya və digər ölkələrdən gələn mütəxəssislər təşkil etdilər. Üçüncü mərhələdə isə imtahana cəlb olundular. İmtahan da üçpilləli idi. Birinci pillə nəzəriyyə, ikincisi təcrübə, üçüncüsü isə test imtahanı idi. Ekspertlərin hər biri imtahanları müvəffəqiyyətlə başa vurdular. Bundan sonra isə beynəlxalq ekspert sertifikatları aldılar. Tam səmimiyyətimlə deyə bilərəm ki, həmin 6 nəfərin beynəlxalq standartlara uyğun sertifkatları var. Onlar müyəssərlik sahəsində istənilən işi, layihələndirmədən başlayaraq, müasir obyektlərin qiymətləndirilməsinədək, yüksək səviyyədə həyata keçirə bilərlər. Bundan sonra düşündük ki, niyə də MPK nəzdində müyəsərliklə bağlı müəssisə yaratmayaq?! MPK-nın Ümumi Yığıncağı oldu, orada bu məsələni müzakirə etdik və Mərkəzin yaradılması barədə qərar gəbul etdik. Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi artıq fəaliyyətə başlayıb. Mərkəz müvafiq qaydada qeydiyyatdan keçib, onun öz Nizamnaməsi var. Mərkəz həm sertifkatlaşdırma, həm də inspeksiya işi ilə məşğul ola bilər.

- Bəs Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzinin əsas məqsədlərinə nələr daxildir?

- Mərkəzin yaradılmasının əsas məqsədi Azərbaycanda müyəssərliyin bərqərar olunmasına və dövlət siyasətinin həyata keçirilməsinə layiqli kömək etməkdir. Çünki əlillər hər gün bu və ya digər yerlərdə belə problemlərlə rastlaşırlar. Əlillərin müraciət etdikləri yeganə ünvanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Memarlıq Komitəsi və ya digər daha ali orqanlar olur. Onlar üzləşdikləri problemlərlə bağlı həmin orqanlara müraciət edirlər. İndi isə əlillərin müraciət edə biləcəkləri yeni ünvan var. Çünki burada təlim keçmiş mütəxəssislər fəaliyyət göstərirlər. Onlar istənilən müraciətə cavab verməyə hazırdırlar. Eyni zamanda cənab Prezidentin yerli icra hakimiyyəti orqanlarına xüsusi tapşırıqları var ki, bu sahədə monitorinqlər keçirsinlər və öz təkliflərini versinlər. Biz yerli icra hakimiyyəti orqanlarına da müraciət edirik ki, monitorinq keçirilməsi ilə bağlı problem varsa, mütəxəssislərimiz asanlıqla və yüksək səviyyədə sizə yardımçı ola bilərlər. Bu mərkəz istər əlillərin, istərsə də digər orqanların müraciətlərinə baxmağa hazırdır. Əsas odur ki, biz ümumi iş görürük. İstəyirik ki, dövlət və vətəndaş cəmiyyəti bu sahədə birgə fəaliyyət göstərsin. Biz dövlətin bu yöndə siyasətinə dəstək olmalı, onu həyata keçirməliyik. Hər şeyi dövlət etməməlidir. Dövlət siyasəti müəyyənləşdirər, onun həyata keçirilməsini təşkil edər və öz tapşırıqlarını verər. Biz isə bu ölkənin vətəndaşları olaraq, bu məsələlərin həllində öz fəaliyyətimizi göstərməliyik. Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi bu xidmətləri vətəndaşlarımıza göstərməyə hazırdır. Çox təşəkkür edirəm ki, bizim çağırışımıza cavab verdiniz. Sizin vasitənizlə bütün əlillərə, sağlamlıq imkanları məhdud insanlara, yerli icra hakimiyyəti orqanlarına müraciət edirəm ki, müyəssərliklə bağlı harada problem varsa, hansısa neqativ halla üzləşmisizsə, öz hüquqlarınızı həyata keçirməyə çətinlik yaranıbsa, artıq müraciət edə biləcəyiniz bir ünvan var. MPK-nın özünə də müraciət edə bilərsiniz. Biz həmin müraciəti ünvanına çatdırarıq, qısa müddət ərzində məsələ həll olunar.

- Azərbaycan ərazisində əlilliyi olan şəxslər, idmançılar və azhərəkətli əhali qrupları üçün maneəsiz mühitin yaradılması, müyəssərliyin təmin olunması sahəsində monitorinqlər aparmısız?

- Bu mərkəzi yaradanda dövlət orqanları ilə məsləhətləşmələr apardıq. Şəxsən özüm Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevlə, Gənclər və İdman Naziri Azad Rəhimovla görüşdüm. Aramızda ümumi fəaliyyət istiqamətləri haqqında müzakirələr apardıq. Razılığa gəldik ki, gələcəkdə idman qurğularının uyğunlaşdırılmasında fəal iştirak edək. Artıq Azad müəllim tikilməkdə olan bir neçə obyektlə bağlı tapşırıqlarını verib. Bizim mütəxəssislərimiz də orada olub öz təkliflərini veriblər. Eyni zamanda Sahil Babayevlə danışmışıq. Onlar üçün də bu, prioritet istiqamətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin bu sahədə görülən işlərində fəal iştirak edəcəyik. Digər tərəfdən, Prezidentin İcra Aparatı ilə danışıqlar aparacağıq ki, digər rayon və şəhərlərdə də bizim mütəxəssislər işə cəlb olunsunlar və orada monitorinqlərin keçirilməsinə köməklik göstərsinlər. Bu, işin bir tərəfidir. Digər tərəfdən, biz də öz planlarımızı qurmuşuq. Tədricən müraciətlər daxil olduqca, ya da öz planlarımıza uyğun olaraq bu və ya digər obyektlərdə monitorinqlər aparacağıq. Öz tövsiyələrimizi verəcəyik ki, işəgötürənlər, biznesmenlər öz obyektlərini, zavodlarını, iş yerlərini əlillərin fəaliyyətinə uyğunlaşdırmaq üçün hansı işləri görməlidirlər.

- Yəni, tövsiyələr artıq hazırdır...

- Hər bir obyektin xüsusi tövsiyəsi olacaq. Orada olan mütəxəssislərimiz baxış keçirəcəklər və əlillərin həmin obyektlərdən asanlıqla istifadə edə bilmələri üçün tövsiyələrini verəcəklər.

- İdman, yaşayış və infrastruktur obyektlərində əlilliyi olan şəxslərə zərər yetirilməsinin qarşısının alınması üçün onlara müyəssərliyin və maneəsiz mühitin yaradılması sahəsindəki könüllü sertifikatlaşdırma şəklində qiymətləndirilməsinin təşkili istiqamətində hansı işlər görülür?

- Bağladığımız beynəlxalq müqaviləyə əsasən, bizim bir vəzifəmiz də var ki, həmin təşkilatın Azərbaycandakı səlahiyyətli nümayəndəsiyik. Yəni, gələcəkdə kim ölkədə bu işlə məşğul olmaq istəyirsə, biz həmin təşkilatlara tədris prosesini təşkil edərək onların mütəxəssislərini ekspert kimi hazırlaya bilərik. Bundan sonra isə onlara müvafiq sertifikatlar verərik. Digər tərəfdən, infrastruktur obyektləri, müəssisələrin, təşkilatların rəhbərləri müyəssərliklə bağlı uyğunlaşdırlmanı özləri müstəqil həyata keçirə bilərlər. Bilirsiniz ki, hər işin öz normativi var. Pandusun əyilmə faizi, uzunluğun nə qədər olması, liftlərin öz normativi var. Görmə qabiliyyəti zəif olan insanlar üçün plitələrin özünün istiqaməti, rəngi var. Eşitməyən insanlar üçün müəyyən normativlər var. Azərbaycanda fəaliyyət göstərən istənilən bir qurum özü də bunu edə bilər. Əgər dövlətin bu siyasətinə qoşulub kömək etmək istəyirsə, öz müəssisəsində istənilən dəyişiklik edə bilər. Amma bu, normativlərə uyğun olmalıdır. Ona görə də bizim mərkəz onların çağırışından sonra həmin dəyişikliklərə baxa bilər. Normativlərə uyğundursa, biz onlara uyğunluq sertifikatı veririk. Bu da ayrı istiqamətdir.

- Yollarda panduslar düzəldiblər. Bu zaman Bakı Nəqliyyat Agentliyi (BNA) sizin mərkəzlə məsləhətləşib?

- Bizim BNA ilə əməkdaşlıq müqaviləmiz var, daim məsləhətləşirik. Bu, bəlkə də Azərbaycanda ən fəal agentliklərdən biridir ki, bu sahədə fəaliyyət göstərir. BNA-nın baş direktoru Vüsal Kərimliyə və onun bütün kollektivinə təşəkkür edirik. Bəlkə də ən aktiv əməkdaşlıq etdiyimiz təşkilatlardan biridir. Onlar panduslarla bağlı işləri davam etdirirlər. Həmçinin bizimlə məsləhətləşərək Azərbaycana gətirilən ictimai nəqliyyat vasitələrinin əlillərə uyğun olması məsələsini həll edirlər.

Son xəbərlər

Orphus sistemi