Aqşin Babayev: "Abilimpiya - karyera uğurları və məşğulluq üçün effektiv vasitədir"

Aqşin Babayev: "Abilimpiya - karyera uğurları və məşğulluq üçün effektiv vasitədir" Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, milli siyasətin əsas prioritetlərindən biridir. Dövlət bu sahədə bütün lazımi işləri həyata keçirir. İnteqrasiyanın əsas göstəricilərindən biri kimi ölkədə əlil və sağlamlıq imkanları məhdud olan insanlar arasında müxtəlif məşğulluq proqramlarının icrası və peşə təhsilinin təşkilini göstərmək olar.
Sosial müdafiə
9 İyun , 2020 15:43
Aqşin Babayev: Abilimpiya - karyera uğurları və məşğulluq üçün effektiv vasitədir

"Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, milli siyasətin əsas prioritetlərindən biridir. Dövlət bu sahədə bütün lazımi işləri həyata keçirir. İnteqrasiyanın əsas göstəricilərindən biri kimi ölkədə əlil və sağlamlıq imkanları məhdud olan insanlar arasında müxtəlif məşğulluq proqramlarının icrası və peşə təhsilinin təşkilini göstərmək olar". 

Bu fikirləri "Report"a açıqlamasında Milli Abilimpiya Federasiyasının (MAF) yaradılması üzrə Təşkilat Komitəsinin üzvü Aqşin Babayev deyib. 

"Dövlətin bu sahədə işi nə qədər yüksəkdirsə, dövlət orqanlarının fəaliyyəti nə qədər səmərəlidirsə, Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti nə qədər uğurludursa, digər vətəndaş cəmiyyətinin fəaliyyəti, təəssüf ki, o qədər də təqdirəlayiq deyil" söyləyən Babayevin sözlərinə görə, bu sahədə bir çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir: "Onlar çalışırlar ki, insanlara köməklik etsinlər, amma təşkilatlanmaları aşağı səvviyədə olduğuna görə işləri səmərəli olmur. Bu baxımdan Azərbaycanda Abilimpiya hərəkatının fəaliyyətə başlanması, MAF-nin yaradılması vətəndaş cəmiyyətində işlərin düzgün təşkil olunmasına böyük töhfə verəcək və həlledici rol oynayacaq. Bu hərəkatın əsas məqsədi Azərbaycanda olan əlil və fiziki məhdudiyyətli insanların peşə bacarıqlarının inkişaf etdirilməsi, istedadların aşkara çıxarılması, peşəkar fəaliyyət üçün şəraitin yaradılması və nəticə etibarilə məşğulluğun artırılması yolu ilə onların həyat səviyyəsinin yüksəldilməsidir. 

Təşkilat Komitəsinin üzvü əlillər arasında çox istedadlı insanların olduğunu sözlərinə əlavə edib: "Onların bir qismi Milli Paralimpiya Komitəsi vasitəsilə peşəkar idmana cəlb olunub. İdmandan savayı, əlillər arasında başqa bacarıqlar çoxdur. Sənaye, mədəniyyət, incəsənət, xidmət sahəsində, innovasiyaların inkişafında və digər istiqamətlərdə çox yaxşı nəticələr əldə etmək olar. Sadəcə insanların düzgün istiqamətləndirilməsi, müvafiq köməyin göstərilməsi bu məsələlərin inkişaf etdirilməsinə dəstək olar. Dünyada artıq böyük təcrübələr var və bunların arasında Abilimpiya hərəkatı ən uğurlularından sayılır. Hesab edirəm ki, dünya təcrübəsinin Azərbaycana gətirilməsi dövlətin bu sahədə görülən işlərinə böyük dəstək olacaq. Abilimpiya karyera uğurları, motivasiya, ictimailəşmə və məşğulluq üçün effektiv vasitədir. Beynəlxalq təcrübə göstərir ki, Abilimpiya hərəkatının keçirdiyi çempionatlar cəmiyyətdə əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərə qarşı münasibət mədəniyyətinin formalaşmasına ciddi təsir göstərir və onların digər insanlarla bərabərhüquqlu yaşamaq haqqının vacib olduğunu əks etdirir". 

Babayev deyib ki, bu kateqoriyalı vətəndaşların uğurlu reabilitasiyasını peşəkar reabilitasiya mərkəzləri olmadan təsəvvür etmək mümkün deyil: "Prezidentin uzaqgörən siyasətinin birbaşa bəhrəsi kimi biz bu gün Azərbaycanda peşə məktəbləri və reabilitasiya mərkəzlərinin olmasının şahidi oluruq. Bu, Azərbaycanda peşəkar kadrlar bazasının varlığının əsas təzahürüdür. Abilimpiya, müxtəlif kateqoriyalı əlillərin peşə bacarıqlarına dair bir olimpiadadır. Hərəkatın adı ingilis dilindən "Bacarıqlar Olimpiadası" kimi tərcümə olunur. Abilimpiya hərəkatı, Yaponiyada yaranan və 1972-ci ildən indiyədək dünyada inkişaf edən əlillər arasında yeganə peşəkar bacarıq yarışmasıdır. Məqsədləri isə əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin özlərini motivasiya etmələri və onlara imkanların və yolların açıq olduğunu göstərə bilməkdir". 

Federasiya rəsmisinin sözlərinə görə, çempionatlar Olimpiya Oyunları kimi 4 ildə bir dəfə keçirilir. Hazırda dünyanın 50-dən çox ölkəsi beynəlxalq hərəkatda iştirak edir və ilk peşəkar bacarıq yarışmasını bu hərəkatın təşəbbüskarı olan Yaponiya 1981-ci ildə keçirilib: "Öncədən çempionatlar sadəcə peşəkar yarışma formatını daşıyırdı. Lakin sonradan təcrübə göstərdi ki, Abilimpiya hərəkatı əlilliyi olan insanların potensiallarına və bacarıqlarına cəmiyyətin formalaşdırdığı ənənəvi baxışların dəyişdirilməsinə kömək edir. Bu da iş imkanlarının artmasına və peşə sabitliyinə səbəb oldu. Müsabiqə dövlətlər arasında geniş dəstəyini qazanıb. Qaliblər nəinki mükafatlar qazanır, həm də iş tapmaq fürsəti qazanırlar. Azərbaycanın Abilimpiya beynəlxalq hərəkatının iştirakçılarından birinə çevrilməsinin özü bir qələbədir. Çünki ölkəmiz bununla xüsusilə ehtiyacı olan insanlara dəstək verməyə hazır olduğunu bəyan edir. İnanıram ki, MAF gördüyü işlərlə layiqli yerini tutacaq". 

Son xəbərlər

Orphus sistemi