“AzerGold” geoloq-alimlərlə əməkdaşlığı artırmaq istəyir

“AzerGold” geoloq-alimlərlə əməkdaşlığı artırmaq istəyir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.
Sənaye
11 Sentyabr , 2020 16:23
“AzerGold” geoloq-alimlərlə əməkdaşlığı artırmaq istəyir
Akif Əlizadə və Zakir İbrahimov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib. 

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib. 

Məlumata görə, institutda keçirilən görüşdə A.Əlizadə rəhbərlik etdiyi elm ocağının Azərbaycanda geologiya elminin inkişafı, yeni geoloqlar nəslinin yetişdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, “AzerGold”un ölkəmizdə faydalı qazıntı yataqlarının kəşfiyyatı və idarə olunması sahəsində mühüm işlər gördüyünü qeyd edib, institutun geoloq-alimlərinin də məsləhətçi qismində layihələrdə iştirakını məmnunluqla xatırladıb, birgə əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağını sözlərinə əlavə edib.

Z.İbrahimov isə Azərbaycanda geologiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərimizə hörmət və ehtiram bəslənildiyini, bu gün də sözügedən sahənin bütün incəliklərinə bələd olan qocaman geoloqların məsləhət və tövsiyələrinə ciddi ehtiyac olduğunu qeyd edib, bu xüsusda Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. O, geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Xatırladaq ki, 2016-ci ildə Geologiya və Geofizika İnstitutu və “AzerGold” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilib. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanıb. Həmin modelləri səhmdar cəmiyyətin geoloqları proqnozlaşdırmada geniş istifadə etməkdədir.

Son xəbərlər

Orphus sistemi