Azərbaycanda siqaret çəkməyi azaltmağa kömək edəcək mobil aplikasiya təqdim olunub

Azərbaycanda siqaret çəkməyi azaltmağa kömək edəcək mobil aplikasiya təqdim olunub Bakı. 16 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatı olub.
Sağlamlıq
16 Yanvar , 2019 13:19
Azərbaycanda siqaret çəkməyi azaltmağa kömək edəcək mobil aplikasiya təqdim olunub

Bakı. 16 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatı olub.

“Report”un xəbərinə görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib ki, əsas məqsəd əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirməkdir. 

O qeyd edib ki, hazırda başlıca hədəf Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı isə tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğulayıb.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, ölkədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tətbiqi artıq effekt verir, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirilir.

O qeyd edib ki, Azərbaycanda tütündən istifadədə azalma müşahidə edilir: “Aparılan tədqiqatlar nəticəsində 10 faizədək 13-15 yaş gənclər arasında tütünçəkmə hallarına rast gəlinib. Bu göstərici qonşu ölkələrlə eynidir”.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ÜST-nin ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil applikasiyası barədə geniş məlumat verib: “Aplikasiyanı işə salanda buraya gündə çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Sonra proqram tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərəcək. Proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat və digər faydalı informasiyalar da mövcuddur”.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən tütün əleyhinə marifləndirici materiallar təqdim olunub.

Qeyd edək ki, mobil aplikasiya ÜST-nin Azərbaycan ofisinin dəstəyi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi