Ekspert koronavirusun müəyyənləşdirilməsi üçün testlərin müsbət və mənfi tərəflərini açıqladı

Ekspert koronavirusun müəyyənləşdirilməsi üçün testlərin müsbət və mənfi tərəflərini açıqladı "Kəskin respirator virus infeksiyalarının simptomları heç də 100% hallarda görünmür, burun axanda adətən koronavirus olmur”
Sağlamlıq
21 İyul , 2020 19:40
Ekspert koronavirusun müəyyənləşdirilməsi üçün testlərin müsbət və mənfi tərəflərini açıqladı

“Koronavirus testinin dəqiq cavabı test sisteminin özündən asılıdır. Çünki onun strukturunda həssaslıq kimi göstərici var. Təbii ki, göstəricisi 94 faiz olan testdə 6 faizlik xəta ola bilər”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində “Hemotest” laboratoriyasının Laboratoriya texnologiyaları üzrə direktoru, kliniki laboratoriya diaqnostikası həkimi Tamara Şilkina deyib.

Onun sözlərinə görə, yoxlanış üçün hansı metodun daha dəqiq olduğunu müəyyənləşdirmək çətindir: “Hərəsinin öz üstünlüyü var. Müəyyən bir xəstəliyin diaqnozu baxımından yoxlanış anında insanın xəstə olub olmadığını müəyyən etmək üçün PZR diaqnostikasına üstünlük verilir. Çünki antikorların təyini artıq postvirus dövrünə aid ola bilər və belədə xəstənin bir ay, iki və ya üç ay əvvəl xəstələndiyini söyləmək mümkün deyil. Antikor qanda kifayət qədər uzun müddət qalır və onların mövcudluğuna görə insanın hazırda xəstə olub-olmadığını söyləmək mümkün deyil. Amma PZR diaqnostika da şəxsin xəstələndikdən sonra sağaldığını göstərə bilmir”.

Kliniki laboratoriya diaqnostikası həkimi virusun aşkar olunması üçün xəstəliyin bir qədər irəliləməsinin zəruri olduğunu söyləyib: “Virusun insan bədənində yerləşməsi, çoxalması və "ərazi işğal etməsi” lazımdır. Nə qədər çox hüceyrəyə yayılarsa, yaxma götürülərkən onun aşkarlanması da bir o qədər yüksəkehtimalı olar. Xəstəliyin başlanğıcından 3-4 gün sonra artıq diaqnoz zamanı koronavirus aşkar edilə bilər”.

“Qan analizinə baxıb immun cavabını yoxlasaq, ilk antikorlar xəstəliyin başlanğıcından 7-8 gün sonra əmələ gəlməyə başlayır. Yəni simptomlar hələ də olmaya bilər, amma artıq M sinfi immunoqlobulin olacaq. G sinfi immunoqlobulin isə xəstəliyin başlanmasından 9-10 gün sonra meydana gəlməyə başlayır”, - T.Şilkina söyləyib.

Sonda həkim ən çox yayılan koronavirus simptomları barədə danışıb: “Cari duruma görə, bu, temperaturun yüksəlməsi, öskürək, asqırma, lakrimasiyadır. Kəskin respirator virus infeksiyalarının simptomları heç də 100% hallarda görünmür, burun axanda adətən koronavirus olmur”.

Son xəbərlər

Orphus sistemi