Agentlik: Leş satan şəbəkənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam edir

Agentlik: Leş satan şəbəkənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam edir Leş kimi ən çox iribuynuzlu heyvanlar, xüsusilə də inək əti istifadə olunur.
Sağlamlıq
13 Sentyabr , 2019 16:54
Agentlik: Leş satan şəbəkənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam edir

"Leş kimi ən çox iribuynuzlu heyvanlar, xüsusilə də inək əti istifadə olunur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, adətən, süddən kəsilən, bala verə bilməyən, zəifləmiş, xəstələnmiş, zədələnmiş heyvanları emala göndərirlər: "Cinayətkar şəbəkələr bu cür heyvanları əldə etməyə çalışır. Sabirabad rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində bu cür məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Bununla bağlı ekspertizalar aparılır.

Baytarlıq ekspertizasından keçməyən ətin istifadə olunması inzibati məsuliyyət yaradır, bununla bağlı cərimə sanksiyası tətbiq edilir".

Bölmə rəisi bu cür ətlərdən ictimai iaşə obyektlərində istifadə edilib-edilmədiyi ilə bağlı da danışıb: "Şübhə doğuran məhsullardan nümunələr götürülür, ekspertizalar aparılır. Sözsüz ki, ekspertizaların nəticələri normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı təqdirdə və burada cinayət əməli olduğu halda hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilir. AQTA bununla bağlı reydlərini davam etdirir. İlkin mərhələdə həmin ətlər dövriyyədən çıxarılır. Hazırda şəbəkənin müəyyən edilməsi istiqamətində istintaq davam edir. Sözsüz ki, biz istintaqın sonunda hansısa ictimai iaşə müəssisələrinin bu cür ətlərdən istifadə edib-etmədiyini öyrənəcəyik. Şəbəkə tam müəyyənləşəndən sonra bu barədə məlumat vermək mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi