Pandemiya dövründə İƏT-in fəaliyyətinə dair mediaforum keçirilib

Pandemiya dövründə İƏT-in fəaliyyətinə dair mediaforum keçirilib İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və bu qurumun Milli Xəbər Agentlikləri Birliyinin (UNA) dəstəyi ilə pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətləri mövzusunda virtual mediaforum keçirilib.
Media
15 İyul , 2020 05:35
Pandemiya dövründə İƏT-in fəaliyyətinə dair mediaforum keçirilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və bu qurumun Milli Xəbər Agentlikləri Birliyinin (UNA) dəstəyi ilə pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətləri mövzusunda virtual mediaforum keçirilib.

“Report” xəbər verir ki, foruma İƏT-in və UNA-ya üzv agentliklərin rəhbərləri, bir sıra İslam ölkələrinin Səudiyyə Ərəbistanındakı səfirləri, ümumilikdə 100-dən çox nümayəndə qatılıb.

Tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov və Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak ediblər.

İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin mediaforumda çıxış edərək təşkilatın üzv ölkələrdə pandemiya ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. “Bütün dünyanı cənginə alan COVID-19 pandemiyasına yalnız birlikdə qalib gələ bilərik”, - deyən Baş katib İslam dünyası alimlərinin bu sahədə fəallıq göstərdiyini diqqətə çatdırıb. Yusif bin Əhməd əl-Useymin bildirib ki, indiki çətin vəziyyətdə köməyə ehtiyacı olan üzv ölkələrə 35 milyon ABŞ dollarından çox yardım göstərilib.

Baş katib çıxışında medianın pandemiya dövründə rolundan danışaraq deyib: “Görülən bütün tədbirlərin insanlara çatdırılması, onların virusla bağlı məlumatlandırılması məhz medianın üzərinə düşür. İndiki dövrdə informasiya mübadiləsinin əhəmiyyəti dəfələrlə artıb”.

Forumda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib ki, Azərbaycan İƏT-in işində fəal iştirak edir, AZƏRTAC birlik və həmrəyliyimizə UNA çərçivəsində maksimum informasiya dəstəyi verməyə çalışır. “Azərbaycan Prezidenti İlham Əliyev islamofobiya hallarına etirazını açıq və kəskin şəkildə bəyan edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan beynəlxalq humanitar layihələrin başlıca məqsədi sivilizasiyaların yaxınlaşmasına nail olmaqdır. İndiki böhran şəraitində Azərbaycan həm İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli qaydada dost və qardaş ölkələrə öz dəstəyini göstərir. Ölkəmiz pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları vəsait ayırıb, 30-dək dövlətə, o cümlədən Sudan, Fələstin, İraq və digər ölkələrə humanitar yardım göstərib.

Azərbaycan Prezidenti pandemiya ilə mübarizədə dünya ölkələrinin səylərini birləşdirmək, beynəlxalq həmrəyliyə nail olmaq məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs 130-dan çox dövlət tərəfindən dəstəklənib. Bu, bir daha göstərir ki, biz təhlükəli düşmənə yalnız birlikdə, birgə səylərlə qalib gələ bilərik”, - deyə Aslan Aslanov vurğulayıb.

İdarə Heyətinin sədri forum iştirakçılarını Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribat barədə məlumatlandırıb. O, ordumuzun mövqelərinin və yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində həlak olanlar, yaralananlar və dağıntılar olduğunu diqqətə çatdıraraq İƏT-i və dost agentlikləri bu təcavüzü və təxribatı daha kəskin şəkildə pisləməyə, etiraz səslərini ucaltmağa çağırıb.

Müzakirələrdə iştirak edənlər pandemiyanın həm informasiya məkanında, həm də cəmiyyət həyatının digər sahələrində yaratdığı problemlərdən danışıb, onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi