Xalq artisti 63 yaşını qeyd edir

Xalq artisti 63 yaşını qeyd edir Eldar Mansurov 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir
Mədəniyyət siyasəti
28 Fevral , 2015 10:00
Xalq artisti 63 yaşını qeyd edir

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Eldar Mansurovun doğum günüdür. "Report" xəbər verir ki, xalq artisti 63 yaşını qeyd edir.

Qeyd edək ki, Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub.

O, 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.

Onun yazdığı musiqilər bir çox sənətçinin karyerasının yüksəlməsində xüsusi rol oynayıb. O musiqilərdən ilk yada düşən təbii olaraq, "Bayatılar"dır. "Bayatılar" dünyanın 30-dan çox ölkəsində fərqli tərzlərdə, fərqli dillərdə səslənib.

Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də milli muğamların tarixi və nəzəriyyəsi ilə də məşğul olub.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 

Son xəbərlər

Orphus sistemi