Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub

Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub Bu qərar TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısında qəbul olunub
Mədəniyyət siyasəti
26 Noyabr , 2015 19:19
Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlayıb.

"Report" xəbər verir ki, toplantıda ölkəmizi Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planının təsdiqi həyata keçirilib.

Toplantıda çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatının həyata keçirdiyi "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əhəmiyyətini vurğulayıb.

O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycanın təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.

Nazirin birinci müavini V.Əliyev TÜRKSOY təşkilatının 2015-ci il üçün iş planına Azərbaycanın tanınmış şairlərindən biri olan Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsilə bağlı tədbirlərin salınması və bununla bağlı təşkilata üzv ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

Vurğulanıb ki, TÜRKSOY-un təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabı nəşr olunaraq Bakıda, Almatıda və Bişkekdə təqdimatları keçirilib.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilib və Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Qeyd etmək istəyirik ki, tədbir çərçivəsində nümayəndə heyətlərinin Türkmənistanın Marı şəhərinin 2015-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması və Türkmənistanın daimi bitərəflik statusunun əldə etməsinin 20 illiyi münasibətilə noyabrın 27-28-də Marı şəhərində keçiriləcək mədəniyyət ilinin bağlanış mərasimində iştirakı, eləcə də Türkmənistan Prezidentinin qəbulu da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi