Özbəkistanda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradılması təklif olunub

Özbəkistanda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradılması təklif olunub Samir Abbasov bu ölkənin Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşevlə görüşüb
Mədəniyyət siyasəti
12 Yanvar , 2018 10:26
Özbəkistanda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradılması təklif olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkənin Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşevlə görüşüb.  

Mərkəzdən "Report"a  verilən məlumata görə, görüşdə mərkəzlə institut arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair memorandumun imzalanması, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.

İ.Yuldaşev son zamanlar Özbəkistanda ölkə rəhbərliyi tərəfindən böyük islahatların, layihələrin həyata keçirildiyini qeyd edərək, ali məktəblərin də qarşısına mühüm vəzifələrin qoyulduğunu qeyd edib. O, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq təhsildə Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı və faydalı olduğunu bildirib.

Daha sonra rektor İ.Yuldaşev rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək, institutda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr barədə məlumat verib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin, hər bir sahədə olduğu kimi mədəniyyət sahəsinin böyük intibah dövrünü yaşadığını qeyd edib, həyata keçirilən işlər barədə məlumat verib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışaraq, son zamanlar Azərbaycan-Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin müəssisələri arasında əməkdaşlığa dair memorandumların imzalandığını vurğulayıb. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin Özbəkistanda çap olunduğunu qeyd edib.

O, 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik, şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayaraq Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nin yaradılmasını təklif edib. O, həmin mərkəzə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd edib.

Bundan başqa, institutun nəzdindəki ali atestasiya komitəsində rəsmi qeydiyyatdan keçmiş elmi jurnalda mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin elmi məqalələrinin Azərbaycan və rus dillərində dərc olunması məsələsi tərəflər arasında razılaşdırılıb.

Daha sonra Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr üçün azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən master-klasların təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edildi, konkret təkliflər irəli sürülüb.

Rektor İbrahim Yuldaşev Özbək və Azərbaycan xalqının milli bayramı – Novruz bayramının rəhbərlik etdiyi instititutda Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə qeyd olunması, bu məqsədlə açıq havada milli mədəni irsimizə dair sərgilərin, səhnəciklərin təşkili, habelə kitabxana-informasiya sahəsində Azərbaycan-Özbək terminlər lüğətinin hazırlanması təklifi ilə çıxış edib.

S.Abbasov Azərbaycan və Özbək xalqlarının milli mədəni irsi olan muğam və aşıq sənətinə dair birgə layihələrin həyata keçirilməsi, cari ilin mart ayında institututda bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsi və bu məqsədlə İnstitutda “Azərbaycan Mədəniyyət günü”nün keçirilməsi təklifi ilə çıxış etdi və təklif razılaşdırıldı.

Qeyd edək ki, sözügedən tədbirlər çərçivəsində Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması və kitabxanada Azərbaycan guşəsinin yaradılması və nəzərdə tutulub.

Sonda institutun binasına, müxtəlif fakültələrə baxış keçirildi, İnstitutun nəzdindəki rəqs, teatr məşğələləri auditoriyasına, habelə televiziya və radio sənəti mütəxəssisləri üçün laborotoriya ilə tanışlıq olub. İnstitutdakı pantomima teatrının gənc istedadlı uşaqları çıxış ediblər. 

Son xəbərlər

Orphus sistemi