Nazirlik Ququşun Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib

Nazirlik Ququşun Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib "Müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı nazirliyə müraciət daxil olmayıb"
Mədəniyyət siyasəti
28 Avqust , 2017 17:26
Nazirlik Ququşun Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib

Bakı. 28 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi azərbaycan əsilli İran müğənnisi Ququşun Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb.

"Mətbuatda yazılanlarla əlaqədar bildiririk ki, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı nazirliyə müraciət daxil olmayıb. İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir", -deyə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. 

Məlumatda qeyd olunub ki, bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər: "Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına Nazirlik olaraq hörmətlə yanaşırıq.

Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur.

Nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur.

Bəzi kütləvi informasiya vasitələrinə sensasiya xatirinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edirik".

Son xəbərlər

Orphus sistemi