​Müasir İncəsənət Muzeyində "Argentina qravyuraları" sərgisi açılıb

​Müasir İncəsənət Muzeyində "Argentina qravyuraları" sərgisi açılıb Sərgidə Argentina rəssamlarının 25-ə yaxın əl işləri nümayiş olunur
Mədəniyyət siyasəti
10 Sentyabr , 2015 11:03
​Müasir İncəsənət Muzeyində Argentina qravyuraları sərgisi açılıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 9-da Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə Argentinanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi "Argentina qravyuraları" sərgisi açılıb. "Report" xəbər verir ki, beş Argentina rəssamının işləri nümayiş etdirilən sərginin açılışında mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak edib.

Sərgidə Argentina rəssamları Marselo Malaqamba, Marselo Aquilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin 25-ə yaxın əl işləri nümayiş olunur.

Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov oyma sənətinin unikallığı barədə danışıb. Onun sözlərinə görə, bu yaradıcılıq növünün çətin olmasına baxmayaraq, Argentina rəssamlarının əsərlərində mükəmməlik hiss olunur.

Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva mədəniyyətin xalqlar arasındakı bir körpü olduğunu qeyd edib və sərginin əhəmiyyətindən danışıb. O, sərginin təşkilinə dəstək verdiyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib və gələcəkdə belə sərgilərin mütəmadi keçiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi