"Lahıc misgərlik sənəti" YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

"Lahıc misgərlik sənəti" YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib Qərar qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin Namibiyada keçirilən iclasında qəbul edilib
Mədəniyyət siyasəti
2 Dekabr , 2015 13:35
Lahıc misgərlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndinə məxsus olan “Lahıc misgərlik sənəti” YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin Namibiyada keçirilən sessiyasında qəbul edilib.

Sessiya çərçivəsində ölkələrin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmağa başlanıb. Azərbaycan tərəfi “Lahıc misgərlik sənəti” nominasiyası təqdim edib.

Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər.

“Lahıc misgərlik sənəti” faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq YUNESKO-ya təqdim edilib.

Hazırda Lahıc misgərlik sənətindən başqa Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Mədəniyyət və Turizm Nazirliyi bu münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına düşməyə 34 obyekt iddia edir. Hazırda bu siyahıda 314 obyektin adı var.

Son xəbərlər

Orphus sistemi