ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib

ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib İclasda Azərbaycan və ISESCO arasındakı əməkdaşlıq, ISESCO üzrə Azərbaycan Milli Komissiyasının işi və digər mövzular ətrafında müzakirələr aparılıb
Mədəniyyət siyasəti
25 Yanvar , 2016 18:11
ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yanvarın 25-də ilk iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclası komissiyanın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq komissiyada müxtəlif dövlət qurumlarından 10 nəfər üzvün təmsil olunduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın islam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti, ölkənin islam dünyasına, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal keçirilməsinin məntiqi nəticəsi olan bu komissiya bu işin daha yüksək səviyyədə qurulmasının öhdəsindən gələcək.

Ə.Qarayev bildirib ki, ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci il noyabrın 23–27-də keçirilən iclası Prezident İlham Əliyevin imzaladığı sərəncamda xüsusi qeyd edilib. Həmin iclasda Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. Nazir vurğulayıb ki, İSESCO-nun rəhbərliyi Azərbaycanda keçirilən bu tədbirləri yüksək qiymətləndirib. Komissiya sədri deyib ki, dövlətin başçısı ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olduğunu xatırladan Ə.Qarayev 2018-ci ildə isə Naxçıvan şəhərlərinin bu missiyanın öhdəsindən yüksək səviyyədə gələcəyini söyləyib. O bildirib ki, bütün bunlar Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.

Sonra iclasda Azərbaycan və ISESCO arasındakı əməkdaşlıq, ISESCO Azərbaycan Milli Komissiyasının işi, ISESCO-nun Baş Konfransının funksiyaları və digər mövzular ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi