Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə iki ölkə arasında mədəniyyət və turizm əlaqələri müzakirə olunub
Mədəniyyət siyasəti
3 İyul , 2015 15:54
Əbülfəs Qarayev ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açaraq bu münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib.

Ə.Qarayev ABŞ səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də səfir Robert Sekutanın ölkədə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakını xüsusi vurğulayıb.

ABŞ səfiri də öz növbəsində əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etdiyini deyib. Diplomat Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirlərinin keçirildiyini və onların bir çoxuna qatılmasından məmnunluğunu bildirib.

Səfir qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə aid fərqli dilləri və mədəni irsi olan xalqlar bir arada sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir.

Nazir Əbülfəs Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq bu əməkdaşlıq zəminində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından danışıb.

Görüşdə iki ölkə arasında mədəniyyət və turizm əlaqələri müzakirə olunub, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi