Bolqarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub

Bolqarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib
Mədəniyyət siyasəti
23 Sentyabr , 2016 00:49
Bolqarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun sentyabrın 22-də açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva və Leyla Əliyeva Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

Əvvəlcə burada xatirə lövhəsinin açılışı olub.

“Bu tədbirdə iştirak etmək mənim üçün şərəfdir”, - deyən Veliko Tırnovo şəhərinin meri Daniel PANOV sakinlər adından Azərbaycanın birinci xanımına bu layihəyə görə minnətdarlığını bildirib. “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun tarixindən danışan mer bildirib ki, bu qədim abidənin bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olub və bu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib. O, Azərbaycanın birinci xanımına, Leyla Əliyevaya və Bolqarıstanın Baş nazirinə xatirə hədiyyələri təqdim edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

"Çox şadam ki, sizin gözəl ölkənizdə, qədim Veliko Tırnovo şəhərindəyəm. İcazə verin, səmimi qəbula və qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirim.

Bizim görüşümüz əlamətdar bir gündə - Bolqarıstanın Müstəqillik günündə keçir. Bu bayram münasibətilə bütün bolqar xalqını ürəkdən təbrik edir, sülh və firavanlıq diləyirəm. Mən, eyni zamanda, sizi “Trapezitsa” Memarlıq Muzey Qoruğunun bərpadan sonra açılışı münasibətilə təbrik edirəm. Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib. Yaşıl təpələr arasında yerləşən Veliko Tırnovo şəhəri XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi, ictimai-siyasi mərkəzlərindən biri olub və əvvələn özünün bənzərsiz təbiəti, gözəlliyi, habelə məhz memarlıq xüsusiyyətləri, müdafiə təyinatlı qala divarları ilə fərqlənib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Buna görə bir daha demək istəyirəm ki, dünya əhəmiyyətli bu tarixi-mədəni irsin bərpasına öz töhfəmizi verdiyimizə görə biz də, fondumuz da çox qürur duyuruq".

Mehriban Əliyeva sonda bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib:

"Bu layihənin həyata keçirilməsinə aidiyyəti olanların hamısına, ilk növbədə, cənab Baş nazir, sizə təşəkkür etmək istəyirəm ki, bu gün bizimlə bərabər rəsmi mərasimdə iştirak edirsiniz və bərpa dövründə bütün prosesə daim nəzarət etmisiniz. Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristovanı xüsusi qeyd etmək, ona təşəkkürümü bildirmək istərdim. Ölkələrimiz arasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür. Bu layihəni qısa müddət ərzində həyata keçirmiş tikinti şirkətlərinə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, əməkdaşlıq haqqında saziş keçən il may ayında imzalanıb və artıq bu gün biz bərpa olunmuş qoruğu açırıq.

Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizi milli bayramınız münasibətilə təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və bol-bol sevgi arzulayıram. Çox sağ olun".

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin uzun illərdir dostluq şəraitində inkişaf etdiyini deyən Bolqarıstanın Baş naziri Boyko BORİSOV abidənin bərpa edilməsinə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. Baş nazir bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırıb. Boyko Borisov Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş qədim mədəniyyət abidəsinin Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına xidmət edəcəyini vurğulayıb. O, həmçinin Mehriban Əliyevanın “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi uğurlu fəaliyyətindən də danışıb.

Sonra mərasim iştirakçıları qoruğun ərazisində yaradılan Mədəni İrs Mərkəzi ilə tanış olublar.

Mərkəzdə Veliko Tırnovo və “Trapezitsa”nın, həmçinin İkinci Bolqar Xanlığının tarixi və burada aparılan arxeoloji tədqiqatlar barədə məlumatlar verilir, eləcə də orta əsrlərə aid müxtəlif eksponatlar sərgilənir. Tırnov şəhəri İkinci Bolqar dövlətinin məşhur paytaxtı, XII əsrin sonundan XIV əsrin sonunadək Avropanın dövlətçilik, mənəvi və mədəni mərkəzi olub.

Sonra Heydər Əliyev Fondunun “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası layihəsinə həsr olunan, Azərbaycan və bolqar dillərində buraxılan poçt markaları təqdim edilib.

Təqdimat mərasimindən sonra poçt markalarının xatirə nüsxələrinin imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.

Qoruğun ərazisində bərpa edilən tarixi kilsələrlə tanışlıq zamanı bildirilib ki, XIII və XIV əsrlərə aid bu kilsələr nəinki qoruğun, eləcə də Bolqarıstanın tarixi dini abidələrindən hesab edilir.

Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib. Qoruq bolqar xalqının zəngin mədəni dəyərlərini əks etdirir.

Son xəbərlər

Orphus sistemi