Bakı Olimpiya Stadionu “ƏN Yeni il” konserti ilə multifunksional mərkəz fəaliyyətini sübut etdi - FOTO

Bakı Olimpiya Stadionu “ƏN Yeni il” konserti ilə multifunksional mərkəz fəaliyyətini sübut etdi - FOTO Stadion il ərzində bir çox önəmli tədbirlərə ev sahibliyi edib
Mədəniyyət siyasəti
1 Yanvar , 2017 21:22
Bakı Olimpiya Stadionu “ƏN Yeni il”  konserti ilə multifunksional mərkəz fəaliyyətini sübut etdi - FOTO

Bakı. 1 yanvar. REPORT.AZ/ Bakı Olimpiya Stadionu “ƏN Yeni il” adlı konsert proqramını təşkil etməklə tək idman obyekti kimi yox, həm də multifunksional mərkəz kimi fəaliyyətini bir daha sübut etmiş oldu.

“Report”un məlumatına görə, stadion il ərzində bir çox önəmli tədbirlərə ev sahibliyi edib. Bu dəfə isə ən müasir səs və video avadanlıqlarına malik Olimpiya Stadionunda konsert də təşkil olundu və ən uyğun tarix 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü seçildi. Bu seçim də çox uğurlu alındı.

Belə ki, stadionun təşkilatçılığı ilə həm yerli, həm də türkiyəli ulduzların iştirakı ilə baş tutan konsert proqramı Yeni il gecəsini unudulmaz etmək istəyənlərin arzusunu yerinə yetirdi.

Təhlükəsizlik məsələsi isə ən yüksək səviyyədə təşkil edilmişdi. Standart sxemə uyğun olaraq fəaliyyət göstərildi, eləcə də daxili təhlükəsizlik xidməti ilə yanaşı, hüquq-mühafizə orqanlarının köməyindən də istifadə olundu.

Eyni zamanda, hava faktorları nəzərə alınaraq texniki cəhətdən də hazırlıq işləri görülmüşdü. Tamaşaçıların duracaq yerləri ətrafında xüsusi istilik zonaları quraşdırılmışdı. Həmçinin bayrama görə müvafiq dekorasiyalar da qurulmuşdu.

Mətbuat nümayəndələrinin konsertdə iştirakı və istirahəti üçün gözəl fürsət yaradılmışdı. Akkreditasiyalar vasitəsilə müvafiq zonalara keçid təmin olunmuşdu. Eyni zamanda, jurnalistlər üçün ayrılan istirahət otağında bayram süfrəsi açılmışdı.

Bundan başqa, tamaşaçıların rahatlığı üçün tədbir günü metronun iş vaxtı artırılmış, əlavə olaraq “Koroğlu” metro stansiyasından pulsuz avtobuslar izləyiciləri stadion istiqamətində, tədbirdən sonra da əks istiqamətdə yola saldı.

Stadionun mətbuat katibliyindən verilən məlumata görə, artıq səhnənin əvvəlki görünüşünə qaytarılması istiqamətində işlərə başlanılıb. İşlər yanvar ayının 5-ə kimi yekunlaşacaq və stadion (meydança) İslam Həmrəylik Oyunları üçün təhvil veriləcək ki, orada hazırlıq işləri başlanılsın.

Xatırladaq ki, şou-proqramda Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Aleyna Tilki, Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış ediblər.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyi idi.

Son xəbərlər

Orphus sistemi