İbrahim Alışov: "Azərbaycanda biznesin maliyyə xidmətlərinə daxil olma imkanları əhəmiyyətli dərəcədə genişlənəcək"

İbrahim Alışov: "Azərbaycanda biznesin maliyyə xidmətlərinə daxil olma imkanları əhəmiyyətli dərəcədə genişlənəcək" Bakı. 14 mart. REPORT.AZ/  Caspian European Club bu gün 12-ci CEO Lunch Baku təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov fəxri qonaq qismində tədbirdə iştirak edib.
Maliyyə
14 Mart , 2018 16:49
İbrahim Alışov: Azərbaycanda biznesin maliyyə xidmətlərinə daxil olma imkanları əhəmiyyətli dərəcədə genişlənəcək

Bakı. 14 mart. REPORT.AZ/  "Caspian European Club" bu gün 12-ci "CEO Lunch Baku" təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov fəxri qonaq qismində tədbirdə iştirak edib.

"Report" bu barədə "Caspian European Club"a istinadən xəbər verir. 

İ.Alışov bildirib ki, son aylarda bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur: "Bundan əlavə, ilk özəl kredit bürosunun və kredit zəmanət mexanizminin yaradılması və fəaliyyətə başlaması, həmçinin daşınan əmlak reyestrinin yaradılması ilə bağlı işlərin yekunlaşması biznesin maliyyə xidmətlərinə daxil olma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

O əlavə edib ki, əhalinin əmanətlərinin artımı müsbət hal olmaqla yanaşı, həm də, öz növbəsində, bank sektoruna etibarın göstəricisidir: “Belə ki, əhalinin əmanətlərinin göstəricisi 2017-ci il ərzində 1,5% (110 mln. manat) artaraq, 7,5 mlrd. manatı keçib. Son il ərzində milli valyutanın sabit kursu əmanətlərin dedollarlaşma prosesinin sürətlənməsinə səbəb olub (2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80%-dən 66%-ə enib)”.

CEO Lunch Baku-da çıxış edən "Caspian European Club" sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev "CEO Lunch"ın bütün iştirakçılarını bu il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Froum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın "Caspian Energy Georgia" şirkətidir.

Xatırladaq ki, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group"un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da isə "Caspian Asian Club" yaradılıb. Onların hər ikisi iki il ərzində "Caspian European Club"un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club2a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən "Caspian European Club"un sədri Prezident İlham Əliyevdir.

Tədbirdə 150-ə yaxın şirkət və təşkilat iştirak edib. "Caspian European Club"a daxil olan və buradakı iştiraklarını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi