Rusiya şirkətləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə maraqlanır

Rusiya şirkətləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə maraqlanır Bakı. 29 mart. REPORT.AZ/ Rusiya şirkətləri içməli su sektorunda dünyanın unikal qurğularından sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə maraqlanır.
İnfrastruktur
29 Mart , 2018 16:20
Rusiya şirkətləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə maraqlanır

Bakı. 29 mart. REPORT.AZ/ Rusiya şirkətləri içməli su sektorunda dünyanın unikal qurğularından sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə maraqlanır. 

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib. 

Məlumata görə, kompleksin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə “Rusiya Kommunal Sistemləri” RKS şirkətinin rəhbər və mütəxəssisləri əraziyə səfər ediblər.

Qonaqlara bildirilib ki, 2011-2015-ci illərdə tikilmiş qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetrdir. Kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Kompleks 2016-cı ildə (BƏƏ) Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyib, burada yaradılmış laboratoriyanın fəaliyyəti ilə maraqlanıblar.

“Azərsu”nun Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov son illər əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda bildirib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyanın ultrasüzgəc texnologiyasına əsaslanan ən böyük sutəmizləyici qurğusudur. Su ilə əlaqəli beynəlxalq təşkilatların və xarici şirkətlərin Azərbaycanda səfərdə olan nümayəndələri qurğu ilə yaxından maraqlanır və onların kompleksə səfərləri təşkil olunur.

“Rusiya Kommunal Sistemləri” RKS şirkətinin nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını qeyd edib, burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, adı çəkilən şirkət Rusiyanın kommunal infrastruktur sahəsində fəaliyyət göstərən böyük şirkətlərindən biridir. Şirkət Rusiyanın Perm, Amur, Kirov, Samara, Tambov, Ulyanovsk vilayətlərində və Kareliya Respublikasında layihələr həyata keçirir. Şirkətin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik iclası 28-30 mart 2018-ci il tarixlərində Bakı şəhərində keçirilib. 

Son xəbərlər

Orphus sistemi