Azərbaycan limanları Xəzərdəki mövqeyini gücləndirir

Azərbaycan limanları Xəzərdəki mövqeyini gücləndirir Bakı. 14 noyabr. REPORT.AZ/ Xəzər dənizində maye yüklərin Azərbaycan limanlarına keçməsi səbəbindən Rusiyanın buradakı limanlarında yük dövriyyəsinin həcmi azalıb.
İnfrastruktur
14 Noyabr , 2017 17:33
Azərbaycan limanları Xəzərdəki mövqeyini gücləndirir

Bakı. 14 noyabr. REPORT.AZ/ Xəzər dənizində maye yüklərin Azərbaycan limanlarına keçməsi səbəbindən Rusiyanın buradakı limanlarında yük dövriyyəsinin həcmi azalıb.

“Report” xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Dəniz Ticarət Limanları Assosiasiyasına istinadən verilən xəbərə görə, Rusiyanın Xəzər hövzəsinin dəniz limanlarında yük dövriyyəsində 3 dəfədən çox azalma qeydə alınıb.

Hesabat dövründə Rusiyanın Xəzər dənizi limanlarında 3,1 mln. ton yük olub, bu isə illik müqayisədə 35,3% azalma deməkdir.

Ən böyük azalma dinamikası Mahaçqala limanında (-58,3%) qeydə alınıb. Həştərxan limanında yük dövriyyəsinin həcmində 9,1% azalma, Olya limanında isə 25% artım müşahidə olunub.

Ekspertlər belə dinamikanı Rusiyanın Xəzərdəki limanlarından maye yüklərin Azərbaycan limanlarına keçməsi ilə əlaqələndirirlər: “Bunu statistika da təsdiq edir”. Bu ilin yanvar-iyul aylarında Azərbaycan limanlarında yük dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,3% artaraq 6 087,7 min ton təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyanın dəniz limanlarında yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 649,5 mln. ton təşkil edib. Ümumi dövriyyənin 343 mln. tonu maye yük, 306,5 mln. tonu quru yük olub. Maye yüklərin həcmi isə illik müqayisədə 8,3%, quru yüklərin həcmi isə 10,4% artıb.

Maye yük dövriyyəsində ən böyük artım xam neftin yüklənməsində qeydə alınıb. Belə ki, xam neft üzrə yük həcmi 12,6% artaraq 210,7 mln. ton təşkil edib. Maye qaz dövriyyəsi isə 7,2% artaraq 11,8 mln. ton, neft məhsulları isə 1,2% artaraq 116,8 mln. ton olub.

Hesabat dövründə Rusiya limanlarından 129,1 mln. ton kömür, 39,7 mln. ton konteynerlərdə olan mallar, 37 mln. ton taxıl, 23,1 mln. ton qara metal, 14,3 mln. ton mineral gübrə, 2,5 mln. ton dondurulmuş yük daşınıb.

Son xəbərlər

Orphus sistemi