Aviaşirkətlər "Boeing 737 MAX" laynerlərinin sifarişini yenidən nəzərdən keçirməyə başlayıb

Aviaşirkətlər "Boeing 737 MAX" laynerlərinin sifarişini yenidən nəzərdən keçirməyə başlayıb Bir neçə aviaşirkət son beş ay ərzində baş vermiş ikinci qəzadan sonra orta məsafəli marşrutlar üçün nəzərdə tutulan Boeing 737 MAX təyyarələrinin alışından ABŞ şirkətinin digər modellərinin və ya onun əsas rəqibi olan Airbusın laynerlərinin xeyrinə imtina edə bilər.
İnfrastruktur
13 Mart , 2019 17:55
Aviaşirkətlər Boeing 737 MAX laynerlərinin sifarişini yenidən nəzərdən keçirməyə başlayıb

Bir neçə aviaşirkət son beş ay ərzində baş vermiş ikinci qəzadan sonra orta məsafəli marşrutlar üçün nəzərdə tutulan "Boeing 737 MAX" təyyarələrinin alışından ABŞ şirkətinin digər modellərinin və ya onun əsas rəqibi olan "Airbus"ın laynerlərinin xeyrinə imtina edə bilər.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Afrikanın cənubunda üçüncü ən böyük aviaşirkət olan "Kenya Airways Plc"nin Direktorlar şurasının sədri Maykl Cozef "Bloomberg"ə açıqlamasında insidentlərin şirkətin planlarını dəyişdirməsinə gətirib çıxara biləcəyini söyləyib. O, "737 MAX" modeli ətrafındakı vəziyyəti yaxından izləyəcəklərini açıqlayıb. Şirkətin "Airbus320" laynerlərinə, "Boeing" ilə qalmağa qərara veriləcəyi təqdirdə isə daha geniş tutumlu "Boeing-787 Dreamliner" modelinə keçə biləcəyi güman edilir.

Bu arada, İndoneziyanın "Lion Air" aviaşirkəti bu modeldən olan təyyarələr üzrə 22 milyard dollarlıq sifarişini ləğv etməyi və rəqib "Airbus"a keçməyi planlaşdırır. Bu barədə "Bloomberg"ə məlumatlı mənbələr bildirib. Xatırladaq ki, qəzaya uğramış "Boeing 737 MAX 8"lərdən biri məhz "Lion Air"ə məxsus olub.

"Deutsche Lufthansa" şirkəti çərşənbə günü "Airbus" və "Boeing"den bərabər şərtlərlə satınalma planlarını təsdiqləyib, amma burada söhbət uzun məsafəli uçuşlar üçün nəzərdə tutulmuş təyyarələrdən gedir. "Lufthansa"nın yaydığı bəyanatda deyilir ki, şirkət 40 layner - 20 ədəd "A350-900" və 20 ədəd "Boeing-787-9 Dreamliner" təyyarəsi əldə edəcək. Sifarişlərin ümumi məbləği 12 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi Əddis-Əbəbədən Nayrobiyə doğru reys həyata keçirərkən Efiopiya paytaxtından, təxminən, 60 km şərqdə qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər ölüb.

Bu, son yarım ildə bu tip təyyarələrin qəzaya uğradığı ikinci hal olub: 2018-ci ilin oktyabr ayının sonlarında "Lion Air" şirkətinə məxsus "Boeing-737 MAX 8" təyyarəsi Cakarta hava limanından uçduqdan az sonra Yava dənizinə düşüb və göyərtədəki 189 nəfərin hamısı ölüb.

Son xəbərlər

Orphus sistemi