​Astarada Şimal-Cənub nəqliyyat dəhlizinə düşən evlərin sökülməsinə başlanılır

​Astarada Şimal-Cənub nəqliyyat dəhlizinə düşən evlərin sökülməsinə başlanılır Bu işlər yaxın üç ay ərzində başa çatacaq
İnfrastruktur
27 May , 2016 11:27
​Astarada Şimal-Cənub nəqliyyat dəhlizinə düşən evlərin sökülməsinə başlanılır

Bakı. 27 may. REPORT.AZ/ Astara rayonunda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin keçəcəyi ərazilərdə yerləşən evlərin sakinlərinin köçürülməsinə yaxın vaxtlarda başlanacaq. Habelə,  ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 4 ədədi artıq hazırdır. Eyni zamanda, dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın üç ay ərzində başa çatacaq. "Report"un verdiyi xəbərə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qeyd edək ki, aprelin 20-də Azərbaycan-İran dövlət sərhəddində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, mart 1-dən Astara stansiyasından İranla sərhədə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

Bu vaxta qədər Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsün aşırımında 8 ədəd 32 metr dərinliyində özül qoyulub. Astara stansiyasından İran sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttinin 5 km-də torpaq yatağının işlənməsi başa çatdırılacaq. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 33 970 kubmetr qum, 26 000 kubmetr qaya daşı, 172 732 kubmetr çınqıl döşənib, 4 388 köhnə dəmir-beton məmulatı döşənib. Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. 

Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixindən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan da müvafiq qanunla "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş"ə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi