Yavər Camalov: “Müdafiə təyinatlı məmulatların çeşidləri 2 dəfədən çox artıb”

Yavər Camalov: “Müdafiə təyinatlı məmulatların çeşidləri 2 dəfədən çox artıb” Müdafiə Sənayesi Nazirliyinin səyyar kollegiya keçirilib
Hərbi
26 Oktyabr , 2016 15:24
Yavər Camalov: “Müdafiə təyinatlı məmulatların çeşidləri 2 dəfədən çox artıb”

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nazir Yavər Camalov bildirib ki, ötən müddət ərzində aparılan məqsədyönlü işlər nəticəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni sahələrin yaradılması işləri davam etdirilib.

Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər aparılıb.

Doqquz ayda nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2 dəfədən çox artıb. Eləcə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunub.

2016-cı ilin Yaradılma Proqramına uyğun olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

O da qeyd olunub ki, iki il öncə “ADEX-2014” birinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində 168 adda məmulat nümayiş etdirən Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirib.

Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanıb.

Kollegiya iclasında nazir Yavər Camalov Prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

Son xəbərlər

Orphus sistemi