Müdafiə Nazirliyinin keçmiş idarə rəisi vəfat edib

Müdafiə Nazirliyinin keçmiş idarə rəisi vəfat edib O, ömrünün 74-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
Hərbi
1 Mart , 2017 11:36
Müdafiə Nazirliyinin keçmiş idarə rəisi vəfat edib

Bakı. 1 mart. REPORT.AZ/ Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı” istefada olan polkovnik Əliyev Adil Ömər oğlu vəfat edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, ömrünün 74-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.  

Qeyd edək ki, Polkovnik A.Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-ci ilədək "Qızıl Şəfəq" sovxozunda fəhlə işləyib. 1963-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti başa vurduqdan sonra ona “kiçik leytenant” hərbi rütbəsi verilib.
1967-ci ilin sentyabr ayının 15-də Estoniyanın Yaqala şəhərində siyasi kurslara göndərilib və oranı 1968-ci ildə bitirdikdən sonra ona "leytenant" hərbi rütbəsi verilərək Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Tiksi-3 şəhərində bölük komandirinin siyasi işlər üzrə müavini, daha sonra bölük komandiri vəzifəsində xidmətə göndərilib.
1974-cü ilin fevral ayında polkovnik A.Əliyev Ukraynanın Çerniqov şəhərində bölük komandiri, 1976-cı ilin noyabr ayında isə həmin qarnizonda hərbi hissə komandiri vəsifəsində xidmət edib. Həmin il hərbi hissə Azərbaycan Respublikasının Qəbələ şəhərinə köçürülüb və bir müddət xidmət etdikdən sonra o, 1983-cü ildə Leninqrad şəhərində akademik kurslara qəbul olunub.
Polkovnik A.Əliyev 1983-cü ildən inşaat idarəsi rəisinin müavini vəzifəsində, 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xidmət dövründə polkovnik A.Əliyev bir sıra medallarla təltif edilib. 1988-ci ilin avqustunda Qəbələ RLS-nin layihələşdirilməsi və tikintisi sahəsində əldə etdiyi nailiyyətlərə görə ona SSRİ Nazirlər Kabinetinin mükafatı verilib.
1989-cu ilin may ayında ona Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in əməkdar inşaatçısı fəxri adı verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi