Vəkil: "General Novruzəli Orucovun oğlunun məhkəməsində zərərçəkmiş şikayətini geri götürüb"

Vəkil: "General Novruzəli Orucovun oğlunun məhkəməsində zərərçəkmiş şikayətini geri götürüb" Məhkəmə istintaqı davam etdirilib
Hadisə
14 Sentyabr , 2017 14:14

Bakı. 14 sentyabr. REPORT.AZ/ Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun və onunla ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a vəkil Kamandar Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı davam etdirilib.

Vəkil bildirib ki, iş üzrə dindirilməyən bir şahid qalıb: "Həmin şahidin məhkəmədə dindirilməsi təmin ediləcək. Şahidlərin dindirilmə mərhələsi başa çatandan sonra da sənədlərin tədqiqi mərhələsi başlayacaq. Bunlar da bitəndən sonra məhkəmə istintaqının başa çatması müzakirə ediləcək".

K.Nəsibov onu da qeyd edib ki, zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edib: "O ərizəsində bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur. O məhkəmədə qeyd etdi ki, hadisədə təqsirləndirilən şəxslərdən Pərviz və Kənanın heç bir iştirakı olmayıb".

Vəkil söyləyib ki, prosesdə iş üzrə 3 şahid - Elçin Ağayev, Elxan Xəlilov və Əsgər Qasımov da dindirilib: "Hər 3 şahid də təsdiqləyib ki, hadisə zamanı Kənanla Pərvizi görməyiblər. Dispeçer Əsgər Qasımov şahid kimi çıxış edən zaman deyib ki, Rüstəm Orucovla Sənan Səmədov hadisə zamanı kənara çəkiliblər və onların aralarında 20-25 saniyə söhbət olub. O, bu zaman onları gördüyünü, Sənanın isə yerə yıxıldığını deyib. Orada söyüş olmayıb və heç bir asayiş pozulmayıb".

Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi