Ötən ay Azərbaycandan məcburən çıxarılan əcnəbilərin sayı açıqlanıb

Ötən ay Azərbaycandan məcburən çıxarılan əcnəbilərin sayı açıqlanıb Keçən ay olduğu yer üzrə qeydiyyatla bağlı 75 min 981 əcnəbinin müraciəti qeydə alınıb
Hadisə
8 Sentyabr , 2015 12:24
Ötən ay Azərbaycandan məcburən çıxarılan əcnəbilərin sayı açıqlanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ötən ay ərzində 2492 əcnəbi Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozub. Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. 

Məlumata görə, inzibati qanunvericiliyin tələblərini pozanlardan 21-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 149 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Həmçinin 1844 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 478 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.

Ümumiyyətlə, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9017 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 75 min 981 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkarlanaraq qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti müvafiq struktur bölmələrinin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 5 sahibkarlıq subyektində yoxlamalar aparıb. Həmin tədbirlər nəticəsində dörd sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkarlanıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi