Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin İsrafilzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Mirheydər Zeynalovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ay Sabunçu rayonu ərazisində - Zabrat və Məhəmmədli qəsəbələrini birləşdirən yolda baş verib. Elçin İsrafilzadə idarə etdiyi “KİA Sportage” markalı minik avtomobili ilə piyada Ramiz Şərbətovu vurub. Zərərçəkən aldığı xəsarətdən dünyasını dəyişib.
E.İsrafilzadəyə Cinayət Məcəlləsinin 263.2.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.