Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO Ona nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati həbs edilib
Hadisə
22 Avqust , 2017 12:42
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO

Bakı. 22 avqust. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, avqustun 18-də Rəşid Behbudov küçəsində vətəndaş Əlişan Qasımovun idarə etdiyi “Daewoo” markalı 90 PX-543 dövlət qeydiyyat nişanlı avtomobilin dayandırılması barədə qərar olduğu üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.

Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib.

Sürücünü görülən tədbir nəticəsində Xətai rayonu, Nobel prospektində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.

Araşdırma zamanı Ə.Qasımovun sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2016-cı ilin 10 avqust tarixində başa çatdığı və o vaxtdan avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.

Xətai Rayon Məhkəməsinin qərarı ilə sürücü Ə.Qasımov İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati həbs edilib.

Son xəbərlər

Orphus sistemi