"Zirə"nin kapitanı: "Rəhbərlik bizim yerimizə futbol oynamalıdır?" - MÜSAHİBƏ

"Zirə"nin kapitanı: "Rəhbərlik bizim yerimizə futbol oynamalıdır?" - MÜSAHİBƏ Kamal Bayramov: "Klubun tarixində bu cür düşüş olmamışdı"
Futbol
13 Mart , 2018 14:16
Zirənin kapitanı: Rəhbərlik bizim yerimizə futbol oynamalıdır? - MÜSAHİBƏ

Bakı. 13 mart. REPORT.AZ/ “Zirə” futbol komandasının qapıçısı və kapitanı Kamal Bayramovun “Report”a müsahibəsi

- Komandanız Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub oldu. Ağdam təmsilçisinin “Zirə”ni çətinlik çəkmədən üstələdiyi fikri ilə razısınız?

- Xeyr, qətiyyən razı deyiləm. Çünki oyunun başlanğıcında ilk təhlükəli vəziyyəti biz yaratdıq. Həmin epizodda qol vursaydıq, oyunun taleyi başqa cür da ola bilərdi. Sadəcə, matçın gedişində komanda şəklində buraxdığımız səhvlər nəticədə öz əksini tapdı. “Qarabağ”ın bu cür səhvləri bağışlamadığını bilirdik. İlk yarıda artıq 0:2 hesabı ilə geri düşməyimiz psixoloji baxımdan da pis oldu. Rəqib başqa bir komanda olsaydı, hesaba rəğmən, toparlana bilərdik. Ancaq “Qarabağ” kimi rəqiblə görüşdə bunu etmək çətindir. Hərçənd, fasilədən sonra oyunçu dəyişikliklərinin fonunda daha yaxşı təsir bağışladıq. Düzdür, yenə qol vura bilmədik, amma rəqibin fərqlənməsinə də imkan vermədik. Ümumən götürsək, pis çıxış etmədik. İki sadə səhv üzündən uduzduq.

- Hər halda, fərdi şəkildə “Qarabağ” futbolçularının ustalıq səviyyəsinin yüksək olması da öz sözünü deyir...

- Sözsüz. Onların heyətində yer alanların hamısı yüksək ustalıq səviyyəsinə malikdirlər. Bu amili də nəzərə almalıyıq.

- “Zirə” qış fasiləsindən sonra Premyer Liqada keçirdiyi 5 oyundan heç birində qələbə qazanmayıb və 3 qarşılaşmada məğlub olub. Uğursuz gedişat hansı səbəblərdən qaynaqlanır: “Zirə”də düşüş var, yoxsa rəqiblər güclənib?

- Rəqiblər güclənib, bu, öz yerində. Amma bizim heyətdə də dəyişikliklər baş verib, yeni gələn oyunçularımız var. Onların tam uyğunlaşması üçün zaman lazımdır. Bu gün nəticələr ürəyimizcə olmaya bilər, lakin komandadakı atmosfer, birlik-bərabərlik baxımından heç bir sıxıntı yoxdur. Həmin klubdur, həmin baş məşqçi. Rəqiblər lazımı qaydada analiz olunur, məşqlərimiz də əvvəlki kimi keçir. Sadəcə, hazırda biz futbolçular tərəfindən göstərişləri lazımı səviyyədə icra etməkdə problem var. Ancaq bu, həllini tapacaq məsələdir. Növbəti turlarda əvvəlki xəttimizə düşəcəyik. Bu psixoloji gərginliyi üzərimizdən atmaq üçün bizə bir qələbə lazımdır. Bu gün klub və ya komanda daxilində hansısa problem olsaydı, deyərdim ki, bu yol bizi uçuruma aparır. Belə bir şey yoxdur. Sıxıntımız oyunumuzun alınmaması ilə bağlıdır. O da düzələcək.

- Qış fasiləsinə qədər komandanızın hücumları əsasən sol cinahdan – Təmkin Xəlilzadənin üzərində qurulurdu. Onun “Qəbələ”yə keçidinin oyun sisteminizi pozduğunu söyləmək olarmı?

- Xəlilzadənin, eləcə də qış fasiləsində “Zirə”ni tərk edən sağ cinah müdafiəçisi Qabriel Mateyin çox böyük xidmətləri olub. Onların vaxtında üstünlüklərimiz vardı, sürətlərindən yararlanırdıq. Təmkin artıq komandada üçüncü mövsümünü keçirirdi, oyun tərzimizə oturuşmuşdu. İndi heyətdə yer alanlar gedənlərdən geri qalmırlar. Sadəcə, yeni gələnlər tam uyğunlaşmadıqlarına görə bu problemləri yaşayırıq.

- Premyer Liqanın XVI turunda "Qəbələ”yə səfərdə 1:2 hesabı ilə uduzduğunuz matçda baş verənlərə görə baş məşqçiniz Ayxan Abbasov, eləcə də legioner futbolçularınız Riçard Qadze və Sadio Tounkara 2 oyunluq cəzalandırıldılar. Bu amilin çıxışına mənfi təsiri nə dərəcədədir?

- Bu cür məqamlarda gərək səbrli davranasan. Bu cür olaylar, baş məşqçi və futbolçuların cəzalı duruma düşmələri istər-istəməz psixoloji baxımdan komandaya mənfi təsir göstərir. Lakin uğursuz çıxışı sırf Qəbələdəki olaylarla bağlamazdım. Orada sarsılmağımız fikri ilə razı deyiləm. Sadəcə, Qadze və Tounkara kimi futbolçuların xidmətindən mərhum olmağımız oyun planında bizə ziyan verdi. Lakin bu cür şeylər istənilən komandanın başına gələ bilər. Bundan da çətin vəziyyətlərimiz olub. Artıq hər şey geridə qalıb. Cəza müddətləri bitib. Bundan sonra nə edəcəyimizə baxmalıyıq. Bu duruma özümüz düşmüşük, özümüz də çıxacağıq.

- Komandanın uğuruz çıxışının fonunda “Zirə” rəhbərliyini də qınayanlar var. Bu barədə nə deyə bilərsiniz?

- Komanda hər zaman rəhbərlik tərəfindən maksimum səviyyədə dəstəklənir, bu gün də həmin dəstəyi hiss edirik. “Zirə”də bir futbolçu üçün lazım olan hər cür şərait var. “Filan şey çatışmır, ona görə zəif oynayırıq”, - deyə bilmərik. Məşq keçmək, qidalanmaq, istirahət və s. üçün nə lazımdırsa, təmin edilmişik. Əmək haqlarımız, mükafatlar həmişə ödənilib. Məşqlərimizi, oyunlarımızı izləyirlər. Hər bir detalla maraqlanırlar. Başqa nə olmalıdır ki? “Zirə”də hər zaman hər şey nizamlı şəkildə olub. Bu cür söhbətlərin reallıqla əlaqəsi yoxdur. Rəhbərlik bizim yerimizə futbol oynamalıdır? Bu klub Premyer Liqada iki mövsüm keçirib, hər ikisində də avrokuboka düşüb. Üçüncü mövsümümüzdə də bunu təkrarlayacağımıza inanırıq. Bu uğurlar da həmin insanların əziyyəti hesabına başa gəlib. Klublar var ki, neçə illərdir milyonlar tökür, amma avrokuboklara həsrətdirlər. Məgər “Zirə”nin büdcəsi hazırda aşağı pillələrdə qərarlaşan klublardan yüksəkdir? Sadəcə, bu klub əlindəki imkanlarla daha böyük işlər görüb, düşünülmüş addımlar atıb, düzgün seçimlər edib. Bu səbəbdən, futbol ictimaiyyətində də gözləntilər yüksəkdir.

- Hazırda komandanız 32 xalla 3-cü pillədə qərarlaşıb. Ən yaxın izləyiciniz “Sumqayıt” isə 31 xala malikdir. Bu gedişlə “Zirə”nin medalçılar sırasına düşməyəcəyindən ehtiyatlanmırsınız?

- Qış fasiləsinə qədər 14 oyundan 30 xalı biz yığmışıq, həmin komandayıq. Bir az komandanın oyununda düşüş yaşandı, psixoloji sarsıntı keçirdik. Ancaq artıq toparlanmışıq, davamını gətirəcəyik. Bu işləri görən rəhbərlik, baş məşqçi və futbolçular heç yerə getməyiblər. Bəli, bəzi oyunçu dəyişiklikləri baş verə bilər, bu, normaldır. Amma komanda olaraq heç nə dəyişməyib. Elitada üç ilin klubuyuq. Heç vaxt böyük danışmamışıq, işimizi görüb, nəticə qazanmışıq. Futbolu bilən insan “Zirə”nin üç ilin klubu olduğunu başa düşür. Daha böyük uğurlara imza atmaq üçün zaman lazımdır. Klubun tarixində bu cür düşüş olmamışdı. Bu, bizim üçün yeni təcrübədir və öhdəsindən gələcəyik.

- Martın 14-də XX tur çərçivəsində “Səbail”i qəbul edəcəksiniz. Bu oyuna dönüş nöqtəsi kimi baxırsınızmı?

- Bütün rəqiblərə hörmətimiz var. Bu uğursuz gedişata son vermək istəyirik. Klub olaraq, qələbəyə köklənmişik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir qalibiyyət durumu lehimizə dəyişəcək.

Son xəbərlər

Orphus sistemi