Vaqif Sadıqov: "AFFA yoxlama oyunları üçün iki rəqib tapmaqla səmərəli iş görüb"

Vaqif Sadıqov: "AFFA yoxlama oyunları üçün iki rəqib tapmaqla səmərəli iş görüb" "Hər hansı klubun və ya yığmaların işinə müdaxilə etmək istəmirik"
Futbol
12 Yanvar , 2018 10:38
Vaqif Sadıqov: AFFA yoxlama oyunları üçün iki rəqib tapmaqla səmərəli iş görüb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Davamlı olaraq yığma komandalarımızın və klubların oyunlarını izləyirik. Yanvar ayı üçün də plan hazırlamışıq”.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Fevralın əvvəlinədək Azərbaycan Premyer Liqasında çıxış edən klublar, əsas, eləcə də 20 və 21 yaşadək yığma komandalar Türkiyənin Antlaya bölgəsində toplanışda olacaqlar. 59 yaşlı mütəxəssis bildirib ki, Məşqçilər Komitəsinin üzvləri də hazırlıq proseslərini canlı izləməyi düşünürlər: “Planımızda var, AFFA rəhbərliyi ilə görüşüb, təsdiq elətdirməyə çalışacağıq. Vaxt məhdudiyyəti olsa da, bütün yoldaşlıq qarşılaşmalarında iştirak etməyə çalışacağıq. Toplanışların ölkə daxilində və xaricdə olmasının fərqi yoxdur. Bütün prosesi əhatə etmək istəyirik. Bizim məqsədimiz həmişə tövsiyyə xarakteri daşıyır. Hər hansı klubun və ya yığmaların işinə müdaxilə etmək istəmirik. Ümumi işimiz var. Futbolun inkişafını istəyən insanlarıq. Bütün sağlam qüvvələr birləşib, futbol naminə çalışmalıdırlar. Hazırda yığmaya rəhbərlik edən yerli mütəxəssisimiz var. Qurban Qurbanov öz yolunu açıqlayıb və onunla da gedəcəklər. Hamımız birlikdə lazım olan uğurlara imza atacağıq”.

Azərbaycan millisi Antalyada yanvarın 30-da Moldova, fevralın 2-də isə Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Sadıqov hesab edir ki, AFFA hazırlıq dönəmində iki rəqib tapmaqla səmərəli iş görüb: “Statistika göstərdi ki, Avropada zəif rəqib yoxdur. Əksər ölkələr toplanış üçün Antalyanı seçir. AFFA rəhbərliyi bundan səmərəli istifadə edərək, iki rəqib tapıb. İlk atılan addımlar üçün rəqiblər də münasibdir. İnanıram ki, bundan sonra rəqiblər daha səviyyəli olacaqlar. Komandamız yeni baş məşqçinin tapşırıqlarına uyğunlaşaraq, oyundan-oyuna inkişaf edib hər birimizi sevindirməyə çalışacaq". 

Komitə sədri yığmaya yeni futbolçuların çağırılma ehtimallarına isə belə münasibət bildirib: "Qurban Qurbanovun özü də açıqlayıb ki, bütün futbolçular yığmaya potensial namizəddirlər. Bunu futbolçular da dərk edir, başa düşürlər. Onlar özlərini ən yaxşı tərəfdən göstərmək istəyirlər. Baş məşqçimiz “Qəbələ”nin “Akhisar Belediyespor”la yoxlama matçını izləyib, oradakı namizədlərə də baxıb. Hər bir azərbaycanlı futbolçu yığma komandaya namizəddir. Qurbanov deyib ki, hər kəs üçün yığmanın qapısı açıqdır. Hər bir futbolçu o qapıdan keçmək üçün özünü yaxşı tərəfdən göstərməlidir”. 

Qeyd edək ki, Azərbaycan millisinin təlim-məşq toplanışı yanvarın 25-dən fevralın 2-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi