"Sumqayıt"ın prezidenti komandanın məğlubiyyətində hakimləri günahlandırıb - MÜSAHİBƏ

"Sumqayıt"ın prezidenti komandanın məğlubiyyətində hakimləri günahlandırıb - MÜSAHİBƏ Sumqayıt klubunun prezidenti Riad Rəfiyev evdə Səbailə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. Reportun məlumatına görə, R. Rəfiyev məğlubiyyətdə hakimləri günahlandırıb.
Futbol
24 Avqust , 2019 22:42
Sumqayıtın prezidenti komandanın məğlubiyyətində hakimləri günahlandırıb - MÜSAHİBƏ

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. "Report"un məlumatına görə, R. Rəfiyev məğlubiyyətdə hakimləri günahlandırıb.

- Yeni çempionatda ilk ev matçında üzücü məğlubiyyət oldu. "Sumqayıt" "Qarabağ"dan başqa öz stadionunda böyük hesabla uduzmamışdı...

- Məğlub olmağımızın səbəbi burada bir az gözləyərək hakimdən soruşsanız, daha yaxşı olar. Məncə, səbəbi hamıdan yaxşı o bilir ki, nəyə görə bu gün uduzduq. Ən yaxşısı, bu sualınızın cavabı məndən yox, hakimdən soruşun.

- Demək istəyirsiniz ki, ilk dəqiqələrdəki epizod həlledici oldu?

- Əlbəttə.

- Ancaq onu da nəzərə alaq ki, xeyrinizə penalti verdi, ancaq vura bilmədiniz...

- 90+6-cı dəqiqədə? Həmin vaxt hesab 0:3 olanda, bizə belə penalti vermək lazım deyil. Bizə penalti olanda vermək lazımdı.

- Ümumiyyətlə, hakimlərə haqq qazandırmırıq, ancaq bu gün "Sumqayıt" futbol oynamadı. İkinci ötürmə yox idi...

- Fikrinizə hörmətlə yanaşıram. Əlbəttə, hər insanın şəxsi fikri var. Ancaq şəxsi fikrimcə, uduzmağımızın 1 nömrəli səbəbkarı hakimdir.

- Bununla bağlı oyunun protokoluna hər hansı bir etirazınız yazılacaq?

- Əlbəttə, yazılacaq.

- Ötən mövsümdə olduğu kimi, hakim haqsızlığı ilə üzləşdiniz. Bəlkə daha yaxşı olardı ki, bununla bağlı AFFA Hakimlər Komitəsinin sədrinə etirazınızı çatdırasınız ki, bizim kluba qarşı haqsızlıq olmasın...

- Bunu danışmışıq, bilirik. Təki elə olsun ki, burada qərəz olmasın. Amma belə epizodları hakim görməyəndə, başqa nə deyəsən?

- Konkret hesab etmək olar ki, "Sumqayıt"a qarşı hakim qərəzli idi, yoxsa səhv idi?

- Mənim fikrimcə, qərəzli idi. Həmin epizoda baxmışam, indi telefonumda da var. Həmin epizodda təmiz qırmızı vərəqə idi.

- "Sumqayıt" kimi iddialı komanda 1-ci dəqiqədəki epizoddan sonra belə "sınmalı" idi?

- 1-ci dəqiqədə rəqib futbolçuya təmiz qırmızı vərəqə göstərmir. Bundan bir dəqiqə sonra aşkar penaltimizi vermir. Üç dəqiqə sonra isə qapımıza penalti təyin edir. Bütün bunlar yekunda komandaya təsirini göstərir. Bunlar da adamdırlar axı. Futbolçuların da psixolojiyası var, onlara təsir edir.

- Yarımmüdafiə xəttinin gənc futbolçuların ümidinə qalıb və onlar da belə çətin anda psixoloji təzyiqin altından çıxa bilmirlər. Bu mövqeyə transfer gözlənilir?

- Özünüz də vəziyyətin necə olduğunu bilirsiniz. Bir azərbaycanlı futbolçu deyin ki, gətirə bilərik, ancaq gətirmirik. Bilirsinizsə, deyin. Bəlkə mən tanımıram. Yerli futbolçularla oynamağa məcburuq. Bəzilərinin transferi alınmayıb. Elələri də var ki, onlarla danışırıq. Bəzi klublar yüksək təzminat tələb edir. Bəzi oyunçuların isə səviyyəsi Premyer Liqadan aşağıdır.

- Paltardəyişmə otağında futbolçularla söhbət etdiniz/?. Maraqlıdır, onlara nə dediniz?

- Bu, klubun daxili məsələsidir.

- Bildiyimiz qədərilə baş hakim vaxtı ilə “Şərurspor”un futbolçusu olub. O “Şərurspor” ki danışılmış oyunlara görə dağılıb...

- Bu barədə heç nə deyə bilmərəm. Çünki məlumatım yoxdur. Sadəcə, şəxsi fikrimi dedim ki, hakim qərəzli idi. Öz fikrimi səsləndirməyə ixtiyarım var. Demirəm ki, hakim sırf belədir. Sadəcə, öz fikrimi bildirirəm. Harda futbol oynayıb, nə edib, bilmirəm..

Son xəbərlər

Orphus sistemi