Məşhur futbolçu Azərbaycanla oyun ərəfəsində Xorvatiya yığmasına qayıda bilər

Məşhur futbolçu Azərbaycanla oyun ərəfəsində Xorvatiya yığmasına qayıda bilər Bakı. 27 fevral. REPORT.AZ/ Hazırda İtaliyanın Kalyari klubundan çıxış edən futbolçu Dario Srna Xorvatiya milli komandasına qayıda bilər.
Futbol
27 Fevral , 2019 09:53
Məşhur futbolçu Azərbaycanla oyun ərəfəsində Xorvatiya yığmasına qayıda bilər

Bakı. 27 fevral. REPORT.AZ/ Hazırda İtaliyanın "Kalyari" klubundan çıxış edən futbolçu Dario Srna Xorvatiya milli komandasına qayıda bilər.

"Report"un "Jutarnji List"ə istinadən verdiyi məlumata görə, bu məsələ sağ cinah oyunçusu Şime Vrsalkonun uzun müddətə sıradan çıxmasından sonra gündəmə gəlib. Hələ ötən ilin noyabrında baş məşqçi Zlatko Daliç Srnanın müstəsna hallarda milliyə dönməyə etiraz etməyəcəyini bildirib. Həmin vaxt belə bir hal olmadığından, 36 yaşlı müdafiəçinin yığmaya qayıdışı baş verməyib. Amma indi dizindən əməliyyat olunmuş Vrsalkonun AVRO-2020-nin seçmə mərhələsini tam buraxacağı ehtimal edilir.

Srna isə hazırda "Kalyari"də uğurlu mövsüm keçirir. O, artıq 21 oyunda meydana çıxıb. 2016-cı ildə yığma karyerasını başa vurmuş futbolçuya hələlik rəsmi təklif ünvanlanmayıb. Hətta təklif olsa belə, müdafiəçinin necə reaksiya verəcəyi məlum deyil. Daliçin özü isə "Sağ cinahdakı problemi necə həll edəcəksiniz" sualına bu cür cavab verib: "Biz bir çox məsələni həll etmişik. Bunu da həll edəcəyik".

Hazırda bu mövqeyə namizədlər Almaniya "Bayer"ində çıxış edən Tin Yedvay və "Hayduk"un futbolçusu Yosip Yuranoviçdir.

Qeyd edək ki, Xorvatiya yığması AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də Azərbaycan millisinə qarşı keçirəcək. Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq E qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi